Xaçmazdakı məlum və məşum intihar hadisəsi avtoritarizmin necə öldürdüyünün nişanəsidir. Avtoritarizm qaldıqca belə bir ölüm hamı üçün var.
Ölkənin bu yerlərə gələcəyini bilməmək çətin deyildi. Günlərin birində kimsənin can və mal güvənliyinin qalmayacağını…
Rejimin yanında olsun, ya da qarşısında… Iqtidarın yandaşı olsun, ya da olmasın fərq etmir, bir gün bu ölkədə hər kəsin, amma hər kəsin bu zülmü dadacağını, bu hüquqsuzluğa, ədalətsizliyə, özbaşınalığa qurban gedəcəyini illərdir yazıb durduq.
Çünki bir meşə yanarsa, o meşədəki hər canlı yanar. Kimsə sağ qurtula bilməz.
Avtoritarizmin mahiyyəti budur – sadəcə, bir ovuc adamın həyatının təminatıdır. Bir ovuc adamın xoşbəxtliyinin, səadətinin qarantıdır, sadəcə. O bir ovuc adamdan kənarda hər kəs girovdur, kölədir, o bir ovuc adamdan qıraqda hər kəs kirayənişindir bu ölkədə – istənilən an arxamızdan təpik vurub qova bilərlər. Hara? Fərq etməz – qəbrə də ola bilər, qürbətə də.
Və mən heyrətlər içində Xaçmazdakı məlum və məşum intihar qarşısında da böyük çoxluğun təpkisizliyini, səssizliyini izləyirəm. Sanki sıranın heç özünə gəlməyəcəyini, növbənin ona da yetişməyəcəyini, bir gün üzləşdiyi zülmdən cana doyub həyatına qıyacaq insanın onun özü, ya da bir doğması, əzizi ola biləcəyini düşünmədən təpkisizdir, səssizdir çoxluq.
Bu nə gönüqalınlıqdır?
Yalnız təpkisiz, səssiz qalsaydı, nə var ki?
Məlum və məşum intihar barədə içi “Azadlıq” qəzetinin saytı qarışıq, çeşid-çeşid saytların səhifələrinə yerləşdirdikləri xəbərlərin altındakı şərhləri oxuyuram.
O şərhlərdəki vurdumduymazlıq dəhşətə gətirir məni. O şərhlərdəki gönüqalınlıq cin atına mindirir məni.
Şərh müəlliflərinin dərdinə baxın! Ortada bir zülm qurbanı olmuş insanın faciəsi varkən onlar intiharın “dinimizdə haram buyrulduğu”, “Allaha qarşı üsyan olduğu” haqda üyüdüb tökməklə məşğuldurlar. “Mərhumun bağışlanması”, “Allah-Təalanın onun günahından keçməsi” üçün dualar edirlər.
Belə rəzalət ola bilərmi? Bu nə təfəkkürdü? Ortada dəhşətli bir faciə var. Bir zülm qarşısında çarəsiz qalan insanın acı taleyi var. Onu da qoyduq bir yana.
Bunun sadəcə, bir intihar deyil, əslində bir qətl olduğu, avtoritarizmin əlinin bu ölkədə daha bir vətəndaşın qanına batması faktı var.
Buna üsyan etmək yerinə…
Bunu sorğulamaq…
Bunun hesabını istəmək yerinə, rejimin hüquqsuzluğuna, ədalətsizliyinə qurban gedilən dinlə şantaj olunur. Dinin şərtləri ilə ittiham edilir.
Düşünürmü o adamlar, düşünürmü heç, bu etdikləri ilə bir vətəndaşı intihar həddinə çatdıran rejimdən hansı fərqləri var?
Canına qıyan o adamların əzizi, doğması olsaydı da, onlar belə ehkamlar kəsə bilərdilərmi? Onda da Quranda intiharın günah olduğuna dair hansısa ayənin axtarışına çıxardılarmı? Onda da belə vurdumduymaz ola bilərdilərmi?
Daha artıq nifrin püskürmək istəmirəm, bunu da yazıb söhbətin bu hissəsini qapayıram: eybi yox, qoy o vətəndaşın başına gələnlərin yarısı sizin başınıza gəlsin, siz də məmləkəti əzib keçən bu Əliyevçi zülm maşını qarşısında çarəsiz qalın, o zülm maşınının təkərləri sizi də çığnayıb keçsin və siz intiharın haram buyrulduğunu nəzərə alıb intihar etməyin, Allaha qarşı çıxmayın, günah qazanmayın görüm necə qazanmırsınız!
Özgə nə deyim…
Nəhayət, başqa dövrün insanları haqqında…
Dünən Xaçmazdakı intiharda adı ən çox hallanan icra başçısı Şəmsəddin Xanbabayevin açıqlamasını oxuyuram. Təbii, hər şeyi üzərindən atır, rayonu güllük-gülüstanlığa döndərməsindən danışır.
Biz bu rejimin hər nəfərinin nəfəsinin belə, yalanla gedib-gəldiyini bilirik. Amma mənim diqqətimi ən çox onun bu sözləri çəkdi: “Mən vicdanlı, təmiz adamam, başqa dövrün insanıyam”.
Əlbəttə, əlbəttə, buna heç kim şübhə etmir. Nəinki şübhə etmir, hətta bu hakimiyyətdəki ən başdakından ən ayaqdakınacan hər kəsin məhz başqa dövrün insanı olduğuna dair hamı ortaq fikrə sahibdir.
Əmin olun ki, sizlərin başqa dövrün, orta çağların, feodalizmin qalıqları, xalqla qul, kölə kimi rəftar edən quldarlıq quruluşunun dövrümüzədək gəlib çatmış nümayəndələri olduğunuzu bilirdik, artıq həm də görürük.

Başqa dövrün insanları
•
•