Bir ölkənin aydınlanması onun universitetlərindən başlayar. Bir ölkə universitetləri ilə güclüdür, universitetləri ilə dəyişimə, inkişafa hamilədir. Təkcə təhsil faktına görə demirəm bunu.
Bir vaxtlar geridəqalmış, üçüncü dünya ölkələri sayılan ölkələrin tarixinə baxın – bu gün onların fərqli yerlərə gəlməsində, çağdaş dünyanın bir parçası olmasında tələbə hərəkatlarının rolunu, əhəmiyyətini görəcəksiniz.
Bu gün dünyada azadlıqların sərhədlərinin 50-60 il əvvəllə müqayisədə xeyli genişlənməsinə, demokratik ölkələrin sıralarının çoxalmasına görə biz həm də keçən əsrin 60-cı illərində dünyanın bir çox nöqtələrindəki tələbə hərəkatlarına minnətdarıq. Ondan sonrakı müddətdə də tələbə hərəkatları çoxsayda cəmiyyətlərin daha çox hüquq, ədalət, özgürlük içində yaşamasına vəsilə oldu. Sübut etdi ki, bir ölkədə tələbələr nə istəyirsə, xalq da onu istəyir. Tələbə hərəkatlarının sonradan xalq hərəkatlarına çevrilməsi də buna görədir.
Əgər bu gün sizə elə gəlirsə ki, Azərbaycanda ictimai-siyasi mənada böyük tələbə ordusu heç nə istəmir, bu isə o deməkdir ki, xalq da heç nə istəmir. Yanılırsınız. Mən əminəm ki, universitetlərin səssizliyi oradakı basqının, xofun, şantaj mühitinin nəticəsidir. Ən kiçik azadlığın, sərbəstliyin böyük bir tələbə hərəkatının önünü açacağına şübhəm yoxdur. Zatən, rejimin belə bir əndişəsi olmasa, universitetlərdə gestapo rejimi tətbiq etməz, onu təcridxana üsulları ilə yönəltməz.
Əlbəttə, bu, mövcud durumun ömrünü uzada bilər, amma sonadək belə davam etməyəcəyi, universitetlərin də qollarındakı qandalları qıracağı, ağızlarındakı qıfılları açacağı şübhəsizdir. Şübhəsiz ki, bizim haqlı tələblərimizə gec-tez geniş tələbə ordusu qatılacaqdır. Hər nə də olmasa, tələbə sözündə bir də “tələb” sözü var, bunun qiyamətədək təsirsiz ötüşəcəyinə inanmaq çətindir.
Bəli, qayıdaq o məsələyə ki, bir ölkənin azadlığı həm də universitetlərinin azadlığı ilə ölçülür. Bir ölkə həm də universitetləri nə qədər qaynardırsa, nə qədər hərəkətli, nə qədər mübarizdirsə, o qədər qaynar, o qədər dinamik, o qədər mübarizdir.
Yaptokratiya bunun fərqindədir, fərqində olduğu üçün də universitetlərin qapısını ictimai-siyasi proseslərə bağlayıb. Universitetlər ictimai-siyasi həyatdan təcrid edilib. Təsəvvür edin ki, əksər ali məktəblərdə allah qoymasa, guya politologiya tədris olunur, amma tələbələrin partiyalara qoşulması, oxuduğu universitetdə dəyərlərini paylaşdığı partiyanın təəssübünü çəkməsi, siyasi məsələlərə münasibət bildirməsi cinayət sayılır, belələri həmən qovulur. Belə rəzalətə heç bir normal, ağlıbaşında iqtidarın idarə etdiyi ölkədə rast gəlməzsiniz.
Ona görə də mən dünən Iqtisad Universitetinin 100-dən artıq tələbəsinin kollokviumu boykot qərarını alqışlayıram. Səbəb hər nə olursa olsun, bu ölkənin universitetlərində də razılaşmayan…
Barışmayan…
Etiraz edə bilən…
Üzüyola olmayan…
Səsini ucaldan tələbələrin varlığı gözəl hadisədir. Bu gün öz dekanına, prorektoruna etiraz edən tələbədən sabah haqsızlıq gördüyü hər kəsə diş qıcayacağını gözləməyə dəyər. Zatən boykotçu tələbələrdən birinin “Bizi qul yerinə qoymaq olmaz!” sözləri də bunun müjdəsidir.
Qoy motiv ictimai, yaxud siyasi məzmunlu olmasın. Amma yetər ki, universitetlərdə etiraz olsun. Tələbələr ən adi haqsızlıqlarla da barışmasınlar. Dirəşsinlər. Danışsınlar. Dilləşsinlər.
Elə bunları yaza-yaza da ağlıma gəldi: bizim də bütün etiraz aksiyalarında səsləndirdiyimiz şüarların sırasına yenisi əlavə olunmalıdır. “Universitetlərə azadlıq!” qışqırmalıyıq, pankartlar qaldırmalıyıq.
Məsələn, elə qarşıdan gələn 8 aprel mitinqinin təşkilatçılarının bunu diqqətə alacağına inanıram.
Belə bir kampaniya çox vacibdir. Universitetlərin dışlandığı, ictimai-siyasi həyatdan təcrid edildiyi, susdurulduğu ölkələrdə demokratikləşmə, modernləşmə, mədəniləşmə adına aparılan mübarizədə uğur qazanmaq şansı, imkanları xeyli azalır.
Universitetlərə azadlıq verməyin ölkənin modernləşdirilməsi, demokratikləşməsi üçün faydasını bir kənara qoyuram. Universitetlərə azadlıq vermək həm də təhsili universitetlərə qaytarmaq deməkdir.
Çünki azadlığın olmadığı yerdə yaxşı heç nə olmadığı kimi, təhsil də olmur.

Universitetlərə azadlıq istəmək zamanı
•
•