Türkiyə İrana qarşı sanksiyalara qoşuldu

Türkiyə İrandan neft alınmasının məhdudlaşdırılması yönündə ilk addımı atıb. Türkiyənin “Hürriyet” qəzeti xəbər verir ki, enerji və təbii qaynaqlar naziri Taner Yıldız İrandan alınan neftin bir qisminin Liviyadan alınacaq neftlə əvəzlənməsi istiqamətdə fəaliyyətə başladıqlarını açıqlayıb.

Taner Yıldız bu il ərzində Liviyadan 1 milyon ton xam neft alınacağını bildirib. Liviyadan nefti özəl şirkətlər və TÜPRAŞ vasitəsi ilə alınacaq. Nazir deyib ki,  Liviyadan neft almağa artıq başlayıblar. Odur ki, İrandan alınan neftin miqdarı müəyyən qədər azalacaq. Taner Yıldız Liviya ilə yanaşı Səudiyyə Ərəbistanından da uzunmüdddətli müqavilələrlə neft ala biləcəklərini deyib. Nazir bildirib ki, İrandan aldıqları xam neftin həcmini 10 faiz azalda bilərlər.

Taner Yıldızın açıqlamasından dərhal sonra TÜPRAŞ açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, yaranmış vəziyyətlə bağlı İrandan xam neft alınmasının 20 faiz azaldılmasına qərar verilib, bu, digər ölkələrdən alınan xam neftlə əvəzlənəcək.

Bununla Türkiyənin də İrana qarşı beynəlxalq sanksiyalara qoşulduğunu demək mümkündür. Türkiyə sanksiyalara rəğmən İrandan neft alan azsaylı ölkələrdən biridir. ABŞ Dövlət Departamenti bir neçə gün qabaq açıqladığı, İrandan neft alan ölkələrin  qara siyahsınaı Türkiyənin də adını daxil etmişdi. Qara siyahıda olan 12 ölkəyə qarşı ABŞ-ın sanksiyalar tətbiq edəcəyi də bildirilmişdi. Ötən gün isə ABŞ-ın Türkiyədəki səfiri Francis Ricciardone bəyan etdi ki, Türkiyə İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bir qərar verməlidir.