Təhsil “razborkası” kimin axırına çıxacaq?

Mahal Ismayıloğlu: «Qanunsuzluğu törətməkdə onlar eyni mənbəyə bağlıdır»

TQDK ilə Təhsil Nazirliyinin qarşılıqlı savaşı davam edir. Dərsliklərdəki səhvlər, tələbə qəbulundakı neqativ hallara qədər bir-birini günahkar sayan tərəflər bu dəfə daha sərt mövqe nümayiş etdirib. Iki məmur arasındakı intriqa artıq qarşısıalınmaz prosesə çevrilib. Bu dəfə TQDK sədri Məleykə Abbaszadə saxta diplomlu şəxslərin statistikasını açıqlayıb. O, 22 min 332 nəfərin imtahan vermədən saxta diplom aldığını bildirib.
Iki qurum arasındakı konfliktin onların hansının sonunu gətirəcəyi sualı ilə tanınmış media eksperti Mahal Ismayıloğluna müraciət etdik.
Mahal bəyin qənaətincə, hər iki qurum rəhbərinə xəbərdarlıq edilsə, çevrədən kənara çıxmamaq məsləhəti görülsə də, bunun bir əməli nəticəsi yoxdur: “Qanunsuzluqları törətməkdə onlar eyni mənbəyə bağlıdır. Saxta diplomlar, saxta köçürmələr həddən ziyadədir. Uzağa getməyək, BDU-da hər il qəbul olunanla oranı qurtaranların sayını müqayisə etmək kifayətdir. Nə qədər adamın saxta, qurama yollarla gəldiyini və saxta diplomların nədən yarandığı məsələsini aydınlaşdırmaq vacibdir. Fakt budur ki, təhsildən gələn korrupsiya daha da təmərküzləşib. Hər iki qurumun rəhbəri bir-birilə savaşa çıxıbsa, təbii ki, onlar arasında  konflikti sakitləşdirən də hakim ailədir. Istənilən halda, hakim ailənin tapşırıqlarından kənarda qalan adam cəzalandırılır. Digər hallarda cəza növü nəzərdə tutulmur.  Ailə tapşırıqlarına riayət etmək postda qalmağın birinci şərtidir, o biri şərtlər əhəmiyyətli deyil. Bu səbəbdən iki qurum rəhbərinin hansınınsa vəzifəsinə vida deməsi hazırkı vəziyyətdə ola bilməz. Çünki onlar üzərinə düşən öhdəliyi yerinə yetirərək hakimiyyət piramidasındakıların şərtlərinə əməl edir”.

Nigar