Ərdoğan Əhmədinejadla görüşdü

İranın nüvə proqramı və Suriya məsələsi əsas müzakirə mövzusu olub

Tehranda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Iran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Liderlərin görüşü 1 saat 35 dəqiqə çəkib. Görüş zamanı Iranın nüvə proqramı, bu ölkəyə qarşı diplomatik basqılar və Suriya məsələsinin müzakirə olunduğu deyilir. Türkiyənin baş naziri Əhmədinejadla görüşdən sonra ali dini lider Əli Xameneyi ilə görüşmək üçün Məşhəd şəhərinə yollanıb.
Görüş və aparılan müzakirələr barədə Iran prezidentinin rəsmi saytında açıqlama yerləşdirilib. Məlumata görə, liderlər Iranla Türkiyə arasında münasibətlərin genişləndirilməsinin vacibliyindən danışıb: “Biz hər iki ölkənin mövcud potensialından faydalanaraq qarşılıqlı, regional və beynəlxalq ticarət əlaqələrini genişləndirməyə çalışmalıyıq. Çünki siyasi, iqtisadi və mədəni sahədə əlaqələri genişləndirmək hər iki xalqın inkişaf, rifah və təhlükəsizliyinə yardım edəcək”.
Əhmədinejad görüşdə bildirib ki, Iranla Türkiyə rəsmiləri bir-biri ilə yaxından əməkdaşlıq edib fikir mübadiləsi apararaq ticarət, o sıradan neft və enerji sahəsindəki əlaqələrin genişləndirilməsinə mane olan bütün problemlərin aradan qaldırılmasına çalışmalıdırlar: “Iranla Türkiyə beynəlxalq aləmdə həmişə bir-birinin yanında olub, Qərb ölkələrinin, o sıradan da dünya zülmkarlarının hegemonluğuna qarşı çıxıb. Dünya zülmkarları Iran və Türkiyə kimi ölkələrin inkişaf etməsini və beynəlxalq aləmdə güclənməsini qətiyyən istəmir. Məhz buna görə də biz onların fitnələri qarşısında ayıq olmalıyıq”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu deyib. Baş nazir bildirib ki, Türkiyə hökuməti və xalqı həmişə açıq şəkildə Iran Islam Respublikasının nüvə sahəsindəki mövqeyini dəstəkləyib, gələcəkdə də bu siyasətini ciddi şəkildə davam etdirəcək.
Liderlər mətbuat konfransı keçirməsə də müzakirələr barədə jurnalistlərə qısa açıqlama verən Ərdoğan “Iranın ”5+1″ formatıyla danışıqlarının detalları haqda konkret nəticə əldə olunmadı. Ancaq zamanımız var. Inanıram ki, tərəfləri razı salacaq mövqeyə çatacağıq” deyib. Suriyada baş verənlərin də müzakirə olunduğunu bildirən baş nazir Iranla bu məsələdə fikir ayrılıqlarının davam etdiyini söyləyib. Ərdoğan Iranın mövqeyinə müəyyən dəyişikliyin olduğunu və danışıqların bundan sonra da davam etdiriləcəyini bildirib.