DIN və Respublika Prokurorluğu hadisələrlə bağlı məlumat yaydı
Hadisələrdə Kəmaləddin Heydərovun da maraqlı olduğuna dair şübhələr var
Daxili Işlər Nazirliyi (DIN) və Respublika Prokurorluğu martın 1-də Qubada baş vermiş etiraz aksiyası ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində hadisələrdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud surətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş yeddi nəfəri, o cümlədən Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən həbs olunub: “Hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərmişdir ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan ”Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş etmiş və bunun müqabilində ona 140 manat ödəmişdir.
Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçısı Islam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanmışdır. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunmuş və o, diski Elxan Əliyevə vermişdir.
Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov icra başçısının çıxışı, eləcə də Rauf Həbibova və onun qohumlarına məxsus ünvanları və ölçüləri göstərilən daşınmaz əmlakın siyahısı və görüntüləri montaj edilməklə hazırlanmış videoçarxı rayondakı “Eniqma” mağazasında audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmova verərək internetdə yaymasını xahiş etmişdir.
Videoçarx Rövşən Məhərrəmov tərəfindən 2012-ci il fevralın 20-də “odnoklassniki.ru” və “mail.ru” saytlarında yerləşdirilmişdir. Həmin görüntüləri əldə edən rayonun ərzaq malları mağazasının satıcısı Əli Zeynalov onları Quba şəhərindəki “MMM” internet klubunun icarəçisi Imran Mustafayevə vermişdir. Öz növbəsində Imran Mustafayev ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə videomaterialı fevralın 21-də “youtube.com” saytına yerləşdirmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, “Xəyal” müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülmüşdür.
Zakir Məmmədov, habelə Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Zaur Quliyev və baş redaktoru Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir”.
Dünən həmçinin Quba hadisələri ilə bağlı martın 13-də həbs edilən “Xəyal TV” əməkdaşlarının hüquqlarının pozulması ilə əlaqədar RATI-də mətbuat konfransı keçirilib.
Martın 13-də saxlanılan “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqovun və baş redaktor Zaur Quliyevin barəsində hüquq-mühafizə orqanları martın 15-nə kimi hər hansı informasiya verməyiblər. Yalnız martın 15-də saxlandıqları haqda məlumat verilib. Bu müddət jurnalistlərin girovluqda saxlanmaları kimi dəyərləndirilib.
Vəkil Elçin Sadıqovun Vüqar Qonaqovla görüşünə gəlincə, ölkə prokurorluğu bu görüşə icazə verməyib. Sadəcə, MCQMI-nin rəisi Mirqafar Seyidovun razılığı ilə baş tutub.
Quba hadisələri ilə bağlı Internet klubun sahibi Rövşən adlı şəxsin və əməkdaşı Mustafa Nurullayevin bu günlərdə saxlanması Internet azadlığını məhdudlaşdırmaq hesab olunub. Bu şəxslər Quba hadisələri ilə bağlı süjetləri tirajlayaraq yaydıqlarına görə saxlanılıblar.
Quba hadisələrinə görə məsuliyyəti ölkə iqtidarının daşıdığı birmənalı deyilib. Qubada durumu dəyərləndirmək üçün hüquq müdafiəçilərindən və hüquqşünaslardan ibarət heyətin Qubaya getməsi təklif edilib.
Bu arada “Yeni Müsavat” qəzeti Quba hadisələri ilə bağlı maraqlı məlumat yayıb. Məlumatda bildirilir ki, Qubada yayımlanan “Xəya TV”nin sahibi “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylidir. Hazırda istintaqçılar onun dindirilməsinə cəhd göstərir, amma buna nail ola bilmirlər. Səbəb isə budur ki, Yusif Qədimbəylinin hakimiyyətdəki Naxçıvan klanı ilə sıx bağlılığı var. “Yusif Qədimbəyli naxçıvanlı iş adamlarının ən üst qatının nümayəndəsidir. Bu şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxşı münasibətləri var. Nazirlə Qədimbəylinin qohumluq əlaqələrinin olması barədə də məlumatlar var. ”Sədərək” ticarət mərkəzi, Qubada hektarlarla torpaq sahəsi və başqa gəlirli sahələr Qədimbəylinin biznes imperiyasına daxildir. “Xəyal” TV-nin rəsmi sahibi də o və ailə üzvüdür”, – deyə məlumatda bildirilir. Beləliklə də Quba hadisələrin izi Kəmaləddin Heydərova çıxır. Nəzərə alsaq ki, Kəmaləddin Heydərovla Qubanın faktiki sahibi Ziya Məmmədovun münasibətlərində gərginlik var, onda bu hadisələrdə “fövqəlnazir”in də maraqlı olduğunu söyləmək mümkündür.
Azad


