Naxçıvanda müəllimlərə yeni «töycü»

Repititorlar ya vergi verməli, ya da sinif otağını təmir etdirməlidir

Yayınanlar məcburi iməciliyə cəlb edilir

Naxçıvanda orta məktəb müəllimlərinə qarşı yeni metod təbiq edilməyə başlanılıb. Repititorluqla məşğul olan orta məktəb müəllimləri vergiyə cəlb olunurlar.
Bu barədə Naxçıvandakı mötəbər mənbədən məlumat almışıq. Mənbənin dediyinə görə, artıq muxtar respublikada repititorluqla məşğul olan bütün müəllimlərin siyahısı tutulur. Onlara ayda 80 manatdan 120 manata qədər vergi vermələri tələb edilir.
“Bu zaman kimin neçə uşaq hazırladığı, neçəyə hazırladığı o qədər də nəzərə alınmır. Kənd yerlərində repititorluqla məşğul olan müəlimlərdən 80-90, Naxçıvan şəhərində isə hər müəllimdən 100-120 manat vergi tutulur. Vergidən yayınanlar, yəni repititorluqla məşğul olub, onu gizlədənlər isə sərt cəzaya məruz qalır”.
Mənbənin məlumatına görə, artıq Naxçıvan şəhəri 2, 3, 8, saylı məktəblərində repititorluqla məşğul olub, onu gizlədənlərin bir qismi müəyyənləşdirilib və onların hamısı bayram günlərində məcburi iməciliyə cəlb edilib.
Mənbə onu da deyir ki, əgər repititor evində yox, məktəbdə bu işlə məşğuldursa, onda ilin sonunda məktəbin sinif otaqlarının birini əsaslı təmir etdirməlidir.

Informasiya şöbəsi