Əli Kərimlinin qaynı qondarma ittihamla həbs edildi
Əsabəli Mustafayev: «Elnur Seyidova qarşı ittihamın elan olunması haqdakı qərarda heç nə göstərilməyib»
Fəxrəddin Mehdiyev: “Elnur Seyidov məhəkəmədə dedi ki, heç bir qanunsuzluq etməyib, həbsi Əli Kərimli ilə qohum olmasıyla bağlıdır, ona təzyiq vasitəsi kimi bundan istifadə olunur”
Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimliyə qarşı təzyiqləri davam etdirir. Bu dəfə AXCP sədrinin qaynı Elnur Seyidov qondarma ittihamlarla həbs edilib. Elnur Seyidovun həbsi martın 27-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilib. O, siyasətdən kənar şəxsdir. Uzun müddət bank sektorunda çalışıb. Sonuncu iş yeri “Texnikabank”ın Yasamal filialı olub. Elnur Seyidov orada müdir müavini vəzifəsində çalışıb.
Dünən Elnur Seyidova ittiham elan edilib və Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkili Əsabəli Mustafayev bildirib ki, Elnur Seyidova Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə ittiham elan olunub: “Onu ”Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin göstərişi ilə hansısa qanunsuz əməliyyatları həyata keçirməklə vətəndaşlardan toplanmış pulu Müşahidə Şurasının sədrinə verməkdə günahlandırırlar. Amma söhbətin hansı əməliyyatdan getdiyi bizə bəlli deyil. Çünki hələlik ittihamın hansı faktlara söykəndiyi açıqlanmayıb. Elnur Seyidova qarşı ittihamın elan olunması haqdakı qərarda da heç nə göstərilməyib. Ona görə də biz bilmirik Elnur Seyidova niyə bu ittihamı veriblər.
Səbail Rayon Məhkəməsindəki proses zamanı biz etirazımızı bildirdik, qeyd etdik ki, ittihamda ümumi sözlər yazılıb və belə ittihamla adamı həbs etmək olmaz. Həbs qətimkan tədbirinin seçilməsi üçün ilkin sübutlar, eyni zamanda məhz bu tədbirin seçilməsinə zərurət olmalıdır. Ittiham tərəfi isə bunların heç birini təqdim etməyib. Bizim etirazımız qəbul olunmadı və məhkəmə həbs qətimkan tədbirinin seçilməsinə qərar verdi. Hazırda istintaq davam edir. Tezliklə işlə yaxından tanış olacağımıza ümid edirik”.
Vəkil Əsabəli Mustafayev əlavə edib ki, “Texnikabank”ın daha bir neçə əməkdaşının bu işlə bağlı saxlandığı bildirilir: “Ancaq onların dəqiq sayından, kimliyindən xəbərsizik. Deyilənə görə, Etibar Əliyev də həbs olunanlar arasındadır”.
Elnur Seyidovun tutulma, saxlanma zamanı bir sıra prosessual hüquqlarının pozulduğunu deyən vəkil bununla bağlı ayrıca şikayət verəcəklərini bildirib. Vəkil vurğulayıb ki, Elnur Seyidov özünü günahkar saymır (mediaforum.az).
Elnur Seyidovun digər vəkili Fəxrəddin Mehdiyev isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamları rədd edib: “İttiham qərarının heç bir hüquqi əsası yoxdur. O, heç bir əsas olmadan saxlanılıb, həmçinin şübhəli şəxs kimi barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün də əsas yox idi. Biz bu qərardan apelyasiya şikayəti verəcəyik. Elnur Seyidov məhəkəmə prosesində dedi ki, heç bir qanunsuzluq etməyib, onun həbsi Əli Kərimli ilə qohum olmasıyla bağlıdır, ona təzyiq vasitəsi kimi bundan istifadə olunur”.
Vəkillərin söylədiklərindən də görünür ki, Elnur Seyidovun həbsi xüsusi sifariş əsasında həyata keçirilib. Ittihamın qondarma olması onun yalnız Əli Kərimli ilə qohum olduğu üçün həbs edildiyini söyləməyə əsas verir.
AXCP-dən də bildiriblər ki, Elnur Seyidovun həbsi birbaşa Əli Kərimliyə yönəlmiş təzyiqdir. Hakimiyyət AXCP sədrini prinsipial mövqeyindən çəkindirmək üçün bütün vasitələri məqbul sayır və həyata keçirir.
Maraqlıdır ki, Elnur Seyidovun həbsi demokratik dünyanın Azərbaycan hakimiyyətini “Eurovision” ərəfəsində siyasi islahatlara çağırdığı vaxta təsadüf edir. Bu həbsi həmin çağırışlara hakimiyyətin cavabı kimi də dəyərləndirmək olar. Iqtidar bu addımı ilə nümayiş etdirir ki, o avtoritar xislətindən əl çəkmək niyyətində deyil və Azərbaycanı qapalı ölkəyə çevirməkdə israrlıdır.
Məlumat üçün deyək ki, bundan əvvəl də Əli Kərimliyə qarşı repressiv aktlar həyata keçirilib. Onun yaxınları, partiyadaşları qondarma ittihamlarla həbs edilib. Hazırda da 8 nəfər AXCP üzvü həbsdədir.
Əli Kərimlini tutduğu prinspial mövqeyindən çəkindirmək üçün rəhbərlik etdiyi partiyanın qərargahından çıxarılaraq fəaliyyətinin məhdudlaşdırılması, ona pasport verilməməsi, yaxınlarına qarşı müxtəlif repressiv aktların həyata keçirilməsi, hətta həyatına sui-qəsd cəhdi barədə mətbuatda çox yazılıb. Bir daha xatırladaq ki, AXCP 2006-cı ildə yerləşdiyi qərargahdan çıxarılıb. Elə həmin ildə də Əli Kərimli barəsində 1994-cü ildə başlanan qondarma cinayət işini əsas gətirərək ona pasport verilməsindən imtina edildi. Buna kimi Əli Kərimlinin yaxınlarına və partiyadaşlarına qarşı repressiv aktlar həyata keçirilib. Onlarla AXCP üzvü qondarma ittihamlarla həbs olunub.
Görünür, indi hakimiyyət AXCP sədrinə qarşı yeni repressiya dalğasına start verib. “Texnikabank”ın rəhbəri Etibar Əliyevin həbs olunmasını fürsət bilən iqtidar ideoloqları Əli Kərimlidən qisas almaq üçün onun qaynını da qondarma ittihamlarla “ilişdiriblər”.
Informasiya şöbəsi