Hakimiyyətin İsraillə yaxınlığı Vaşinqtonda ciddi narahatlıq yaradıb
Azərbaycanın Iranla sərhəddəki hərbi hava bazalarını Israilin ixtiyarına verəcəyilə bağlı xəbərlər yayılıb. ABŞ-ın kəşfiyyat rəsmiləri isə Azərbaycanda Israil təsirinin güclü olduğundan və bu əlaqənin Israil-Iran gərginliyinin azaldılması üçün Vaşinqtonun diplomatik səylərinə ciddi zərər verəcəyindən narahatdır. ABŞ-da yayımlanan “The Foreign Policy” jurnalı yüksək vəzifəli amerikalı diplomatlar və hərbi kəşfiyyat rəsmilərinə istinadən yazıb ki, Iranın şimal sərhədindəki Azərbaycan hava məkanına Israilə giriş icazəsi verilib.
Amerikalı bir rəsmi jurnala deyib ki, Israil Azərbaycandan bir hava limanı satın alıb və bunun adı “Azərbaycan”dır. ABŞ kəşfiyyatı və hərbi dairələri Israilin Azərbaycanla sıx əməkdaşlıq etməsindən ciddi narahatlıq keçirdiyini də jurnala bildirib. Çünki ABŞ indiki məqamda Irana yönəlik hərbi müdaxiləyə can atan Israili fikrindən daşındırmaq, artan Təl-Əviv-Tehran gərginliyini azaltmaq istəyir. Lakin Azərbaycanla Israilin hərbi əməkdaşlığı Vaşinqtonun səylərini zərbə altında qoyur.
Iranı yaxından izlədiklərini və Israilin bu ölkəyə qarşı mümkün hərbi müdaxiləsinin nəticələrini dəyərləndirdiklərini deyən amerikalı bir hərbi rəsmi “Israilin Azərbaycanda nə etdiyini izləyirik. Biz baş verənlərdən və gördüklərimizdən razı deyilik”, – deyə narazılığını ifadə edib.
“The Foreign Policy”nin xəbərinə görə, Azərbaycan Sovet dövründən qalma dörd hərbi hava bazasının Israil üçün hazır olduğunu açıqlayıb. Amerikalı rəsmilər Israilin hərbi hava bazalarından istifadə hüququnu gizli siyasi və hərbi müqavilə sayəsində əldə etdiyini bildirib. ABŞ səlahiyyətliləri ortada “yazılı bir şey” olduğuna inanmadıqlarını, ancaq Israilə məxsus reaktiv qırıcıların Irana hücumdan sonra Azərbaycana eniş icazəsi alacağına əmin olduqlarını vurğulayıblar.
Yazıda Iranla-Azərbaycan münasibətlərindəki son aylar müşahidə olunan gərginlik təsvir edilir. Məqalənin müəllifi Mark Peri hər şeyi kifayət qədər ətraflı və dəqiq təsvir edir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatları, Iranın notaları və s haqda danışılır. Hətta hakim partiya üzvlərinin Azərbaycanın adının Şimali Azərbaycana dəyişdirilməsi təklifi də xatırladılır. Müəllif yazır ki, müdafiə naziri Səfər Əbiyev Irana səfərində Azərbaycanın heç bir xarici ölkəyə Irana hücum üçün öz ərazisindən istifadə etməyə razılıq verməyəcəyini bəyan edib. Lakin yazıda iddia olunur ki, Israil təyyarələrinin Iranı bombalayaraq Azərbaycan ərazisində yerə enmələri ehtimalları var. Bundan başqa, yazıda Israilin xüsusi axtarış dəstələrinin Azərbaycan ərazisində yerləşməsi imkanlarına toxunulur. Söhbət düşmən ərazisində vurulan təyyarəçiləri xilas etmək üçün vertolyotla onun ərazisinə çıxarılan desant dəstələrindən gedir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “lent.az”a deyib ki, “Foreign Policy” jurnalının Azərbaycanın Israilə hərbi hava bazası verdiyi barədə yaydığı məlumat düzgün deyil, cəfəngiyyatdır.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə ABŞ mətbuatının yaydığı məlumatı “Azərbaycan-Iran münasibətlərini korlamaq cəhdi” kimi qiymətləndirib: “Dəfələrlə bəyan etdiyimiz tezisi bir daha təkrar edirik: Azərbaycan dövlətinin ərazisindən Irana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olunmayıb, olmur və olmayacaq. Azərbaycanla Iranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq”.
Siyasət şöbəsi