“Azərbaycan vətəndaşları hökumətlərinin nə qədər pulu olduğunu bilsəydi, nə olardı?”.
Gerçəklik elədir ki, bu sual indi bir az ritorik görünür. Nədən bu qənaətdəyik? Mən düşünmürəm ki, bizdə siyasi proseslərin passivliyi daha çox məlumatsızlıqla bağlıdır. Yox, belə deyil. Insanlara məlumat çatır. Bəlkə bu sualı bir qədər dəyişərək belə soruşmaq olardı: vətəndaşlar məmurlar haqda daha dolğun informasiyaya malik olsaydı və ayrı-ayrı məmurların nə qədər sərvətə malik olduqlarını bilsəydilər, nə baş verərdi?
Təbii, elə bunu da ritorik sual hesab etmək olar. Mətbuat vətəndaşları məlumatlandırmaq, o deyilən məsələlər haqda təsəvvür yaratmaq üçün bəzən, hətta mümkün olmayanı da edir. Mən ona görə “mümkün olmayanı” deyirəm ki, belə söz var ki, siyasət də, mətbuat da mümkün olanın sənətidir. Amma inanın, mən son vaxtlarda müxalifətin və mətbuat işçilərinin işinə baxanda dərhal akrobatları xatırlayıram. Amma elə o saat da yadıma düşür ki, hətta akrobatların özü də səhnəyə “straxovka” ilə çıxır. Bizim isə belə “straxovka”mız yoxdur, türklər demişkən, nərədə qırıldı, qırıldı!
Bu qədər fədakarlığın fonunda reaksiya isə çox zəifdir. Indi bunun əsl səbəbləri haqda çox mühakimə yürütmək olar. O gün bu haqda yazmışdım. Ona görə də təkrar etmək istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, narazıdan etirazçıya keçməyin, dönməyin vaxtıdır.
Təbii ki, normal seçki olsaydı, narazılıq öz ifadəsini problemsiz olaraq seçki qutularında, seçkinin nəticələrində büruzə verərdi. Amma seçki yoxdur! Bəs belə olan təqdirdə nə etməli? Cavabı özünüz məndən yaxşı bilirsiniz. Bizim funksiyamız məlumatlandırmaqdır. Düzdür, əvvəllər deyirdilər ki, qəzet həm də kollektiv təşviqatçı və kollektiv təbliğatçıdır. Amma bu, əvvəllər belə idi. O vaxtlar oxucu yazardan və mətbuatdan asılı idi, indisə əksinədir. Hətta yazarın, mətbuatın oxucudan asılılığı o qədər artıb ki, adam bəzən özünü səhnəyə könülsüz çıxmış kloun kimi hiss edir. Dəridən-qabıqdan çıxırsan ki, tamaşaçının (və yaxud da oxucunun) dodaqları qaçsın, üzünə təbəssüm qonsun.
Mən bir daha yazının əvvəlindəki suala qayıtmaq istəyirəm. Əcnəbi insanlar elə bilir ki, biz həqiqətən də məlumatsızıq, heç nə bilmirik və elə bu səbəbdən siyasi cəhətdən fəal deyilik. Əgər onlar bilsəydi ki, bizlərin hər bir şeydən xəbərimiz var, məlumatlıyıq və buna rəğmən etiraz etmirik, onlar da çox məyus olardılar. Çünki onlar təsəvvür edə bilmir və inanmırlar ki, insan bu qədər qanunsuzluq haqda xəbərdar olsun, amma yenə də etiraz etməsin və sussun! Onlar, sadəcə buna inana bilmirlər! Amma nə edəsən ki, dünya möcüzələr məskənidir və bu möcüzələrdən biri də elə bizim cəmiyyətimizdi!
Siyasət elə hər yerdə fərasətdirmi?
Barak Obama ilə Seulda baş verən hadisə çox maraqlı oldu. Bilirsiniz, son vaxt böyük siyasətin bir çox gizlinləri aşkar olub. Bunları alqışlamaq və buna sevinmək lazımdır, çünki siyasət nə qədər şəffaf olsa, bir o qədər çox maraqlı və aydın olur. Amma bu halda mən bilmirəm ki, kimə minnətdarlıq edək? Bəlkə mikrofonlara baxana, ya da ki, tədbirin səs rejissoruna? Bu, o qədər əhəmiyyət kəsb etmir. Mən başqa bir detalı qeyd etmək istəyirəm. O da budur ki, mən bütün hallarda demokratların hakimiyyətdə qalmasının və seçkini udmasının tərəfdarıyam. Respublikaçılar özlərinin geopolitikaları ilə hamını bezdiriblər. Onlar kiçik müstəbid rejimləri öz ətraflarına toplayaraq, guya ki, daha böyük şərə, müstəbid rejimə qarşı mübarizə aparırlar. Amma unudurlar ki, bu kiçik müstəbid rejimlər heç də böyüklərdən geri qalmır. Bu, təəssüf, onları maraqlandırmır. Çünki kiçik rejimlər onların təhlükəsizliyini təhdid etmir və onlara təhlükə yaratmır. Amma kiçik cəmiyyətlər üçün belə rejimlər o qədər problem yaradır ki!
Təbii ki, Obama ilə baş vermiş hadisə müəyyən mənada respublikaçıların əlinə kart-blanş verdi. Indi onlar bunu əldən buraxmayacaq. Olsun, ümid edək ki, hər şey sovuşacaq, demokratlar bu maneəni də dəf edəcək. Hər halda, buna ümidliyik, çünki biz kiçik Buşun missionersayağı çıxışlarından və siyasətindən bezmişdik…

Əgər bilsəydilər…
•


