Britaniya Suriya müxalifətinə yardımı ikiqat artırdı

Böyük Britaniya Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına və müxalifət qruplarına qeyri-hərbi yardımı iki dəfə artırmağa qərar verib. Bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib. Onun sözlərinə görə, həm Suriya daxilində, həm də Suriya xaricində suriyalı müxalifət qruplarına əlavə 500 min funt sterlinq yardım ediləcək. Suriya müxalifətlərinə əlavə yardıma gənc fəallara və mülki jurnalistlərə təlim keçilməsi, onlara öz məqalələrinin Suriyadan kənara çıxmasına kömək edilməsi və etirazların koordinasiyasını daha təhlükəsiz etmək üçün təhlükəsiz telefonlarla təmin edilməsi daxil olacaq. Suriyada vətəndaş cəmiyyəti qruplarına həmçinin gələcəkdə mümkün məhkəmə prosesləri üçün vəhşiliklərə dair dəlil-sübut toplamaqda yardım ediləcək.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi çıxış yoluna dair heç bir ümidinin qalmadığını qəbul etməlidir. O, Əsəd rejiminin zorakılığı davam etdirməsinin mənəvi cəhətdən yolverilməz və əsassız olduğuna dair xəbərdarlıq edib. Uilyam Heyq həmçinin aprelin 1-də İstanbulda keçiriləcək “Suriyanın dostları” konfransında Əsəd rejiminə təzyiqi artıran yeni tədbirlərin qəbul ediləcəyinə və Kofi Annanın diplomatik missiyasının dəstəklənəcəyinə ümid etdiyini deyib (ans press).