Eldar Namazov: «Məruzəni hazırlayan qurum Dövlət Departamentinin beyin mərkəzi sayılır»
Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin “Böyük Qafqaz: dağılma və inteqrasiya arasında” mövzusunda hazırladığı məruzənin rəsmi təqdimatı hələ keçirilməsə də, orada əks olunan məqamlar diqqəti özünə cəlb edib. Məruzənin müəllifi, MDB, Rusiya və Qafqaz üzrə ekspert Cefri Mankoff “Turan”ın müxbiri ilə söhbətində orada əks olunun bir neçə məqama toxunub.
Azərbaycanda sülalə rejiminin mövcud olduğunu deyən analitikin sözlərinə görə, mövcud rejimlərdən birinin və ya bir neçəsinin uğursuzluğu və “ərəb baharı” kimi hadisələr də regional sabitliyi poza bilər. Eyni zamanda Cənubi Qafqazda mövcud rejimlərin legitimliyinin etibarsızlığı, daxili və xarici amillər regionda geniş inqilab dalğasına imkan yaradır. ABŞ-ın aparıcı beyin mərkəzlərindən birində hazırlanan bu məruzədə qeyd edilən məqamlar nəyə işarə sayıla bilər?
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Eldar Namazov ilk növbədə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əhəmiyyətinə toxundu. Belə ki, bu qurum Dövlət Departamentinin beyin mərkəzi sayılır. Mərkəzin ekspertlərini tez-tez Dövlət Departamenti müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara səfir qismində təyin edir. Eyni zamanda ABŞ-ın çox təcrübəli diplomatları da diplomatik fəaliyyətini bitirəndən sonra orada analitiklər kimi çalışırlar.
E.Namazovun sözlərinə görə, adı çəkilən mərkəz hələ 1990-cı illərin əvvəlindən Azərbaycana böyük diqqət yetirir. Qurumun hesabatlarını isə diplomatlar, beynəlxalq qurumlar, ABŞ-ın və Avropanın aparıcı media strukturları çox diqqətlə izləyir. Bu səbəbdən onların növbəti belə bir məruzəsini məhz Qafqaza həsr etməsi beynəlxalq ictimaiyyət və ekspertlərin arasında böyük rezonansa səbəb olacaq.
“Cənubi Qafqazdakı rejimlərin taleyi bir-birinə zəncirvari bağlıdır”
Məruzədə əks olunan məqamlara toxunan E.Namazov Cənubi Qafqazda mövcud olan rejimlərin taleyinin bir-birinə zəncirvari bağlı olduğunu qeyd etdi. Cefri Mankoffun fikirləri də məhz ona yönəlib ki, münaqişə vəziyyətində olan ölkələrdə, yəni Azərbaycanda, yaxud Ermənistanda daxili partlayışlar, ciddi dəyişikliklər baş versə, bu, başqalarına da təsirsiz ötüşməyəcək. Eyni zamanda Gürcüstanla Rusiyanın qarşıdurmasının nəticəsi Azərbaycan və Ermənistana təsir edəcək. Çünki Azərbaycanın Avro-Atlantik məkana çıxışı məhz Gürcüstan ərazisindən keçir. Ekspertin fikrincə, hətta Gürcüstanın apardığı xarici siyasətdə dəyişiklik olsa, bu da qonşu ölkələrə ciddi təsir göstərəcək. Bu bağlılıq göz qabağındadır. Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistanı Rusiya ilə bağlayan kommunikasiyalar Gürcüstan ərazisindən keçir.
“Legitimliyin siyasi baxımdan təsdiqi məhz demokratiyaya keçiddədir”
Rejimlərin legitimliyinin etibarsızlığına toxunan eksperti diplomatların və ekspertlərin bu məsələdə iki baxışınını mövcud olduğunu vurğuladı: “SSRI dağılandan sonra Qərb ekspertləri belə bir fikri əsas tutmuşdular ki, yeni yaranmış dövlətlər hüquqi cəhətdən artıq müstəqildir. Ancaq müstəqilliyin hüquqi baxımdan tanınmasının siyasi baxımdan da təsdiqi lazımdır. Çünki bu ölkələrdə artıq avtoritar hakimiyyətlər formalaşıb. Onlar uzun illərdir ölkədə hər şeyi nəzarətə götürüblər, seçkilər saxtalaşdırılır, insan haqları pozulur. Əgər bu ölkələrdə demokratiyaya keçid olsa, hakimiyyət dəyişsə, həmçinin ölkələr sabit qalsa, içəridən parçalanmasa, onda onların hüquq baxımdan müstəqilliyi siyasi baxımdan da təsdiqini tapacaq. Bu baxış artıq 90-cı illərin sonlarından həm Vaşinqtonda, həm də Brüsseldə mövcuddur”.
Ekspertin sözlərinə görə, hazırda bu baxışı aktuallaşdıran proseslər gedir. Avtoritar ölkələrdə artıq etirazlar güclənir, vətəndaş cəmiyyəti fəallaşır. Digər tərəfdən, saxta yolla seçilən hakimiyyətlərin legitimliyi həmişə şübhə altında olur.
Bununla belə ekspert ortada başqa bir amilin olduğunu da vurğuladı. Bu da demokratik keçidin hansı formada baş tutmasıdır. Bu, təkcə Azərbaycana aid məsələ deyil. Baltikyanı ölkələri çıxmaq şərti ilə başqa bütün postsovet respublikalarına da aiddir. Belə bir legitimliyin siyasi baxımdan təsdiqini beynəlxalq ictimaiyyət məhz demokratiyaya keçiddə görür.
Fizzə