Azərbaycan hakimiyyəti İranla münasibətdə oyun oynayır

«Bu da bütövlükdə adlanır Ilham Əliyevin uğurlu daxili və xarici siyasəti»

Zərdüşt Əlizadə: «Hər bir nazirlik ona tapşırılmış vəzifəni yerinə yetirir»

Azərbaycanla Iran arasında gərginliyin səbəblərini hər iki ölkənin hakim dairələrində axtarmaq olar. Buna misal kimi, rəsmi şəxslərin qarşılıqlı ittihamlarını göstərmək olar. Tərəflərin cəsus axtarışı, səfirlərə verilən notalar isə bu gərginliyi bir qədər də artırır. Lakin hakimiyyət rəsmiləri münasibətlərin korlanmasında müxalifəti və xarici mətbuatı günahlandırmaqdan belə, çəkinmirlər.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi Qərb mətbuatı və yerli KIV-də Israilin Azərbaycan ərazisindən Irana qarşı istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən bunu ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiya adlandırıb. PA rəsmisinin sözlərinə görə, müxalifət dairələri, onlara məxsus KIV, həmçinin hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat Iran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla Iranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Şübhəsiz ki, Əli Həsənovun bu açıqlaması hakimiyyətə bəraət qazandırmaq məqsədi daşıyır. Bəs əslində vəziyyət necədir?
Politoloq Zərdüşt Əlizadə Iran və Azərbaycanın rəsmi səviyyədə bir-birinə qarşı bəyanat vermədiyini, digər rəsmilərin səsləndirdikləri fikirlərin isə rəsmi mövqe sayılmadığını qeyd etdi. Lakin məmurların dilə gətirdiyi qarşılıqlı ittihamlar ümumi ab-havanın əlaməti sayıla bilər: “Iranda ali dini rəhbər prezident və xarici işlər nazirinin, Azərbaycanda isə prezident və xarici işlər nazirinin dilindən səslənən bəyanatlar rəsmi mövqe hesab edilir. Həmçinin səfirlərə verilən notalar rəsmi mövqedir. Bizim Irandakı səfirə də bir neçə dəfə belə nota verilib. Ancaq general, Prezident Administrasiyasının şöbə müdiri, deputatların dedikləri ab-havanın əlaməti, ümumi rəy sayılır”.
Ekspert Azərbaycan hakimiyyətinin Iranla münasibətdə oyun oynadığını da bildirdi: “Xarici işlər nazirinə tapşırıq verilir ki, getsin Naxçıvanda Türkiyənin və Iranın xarici işlər nazirləri ilə görüşsün. Orda desin ki, iki ölkə arasında heç bir problem yoxdur, əlaqələr yaxşıdır. O gedir ona tapşırılmış işi görür. Səfər Əbiyevə tapşırırlar get orda de ki, Israildən aldığımız silah Irana qarşı deyil, Ermənistana qarşıdır. Bizim aramızda heç bir problem yoxdur. Səfər Əbiyev də ona verilmiş tapşırığı yerinə yetirir. Sonra da Eldar Mahmudova tapşırırlar ki, yazıq müsəlmanları həbs elə. Dövlət qəzetlərinə də tapşırırlar yazsınlar ki, Irandan bizə böyük təhdid var. Terrorçular partlatmaq, öldürmək istəyirlər. Onları da döyüb çıxarırlar televiziyaya ki,  desinlər bəli, biz terrorçuyuq. Hər bir nazirlik, qurum ona tapşırılmış vəzifəni yerinə yetirir. Bu da bütövlükdə adlanır Ilham Əliyevin uğurlu daxili və xarici siyasəti”.

Fizzə