Xaçmazda başçıya qarşı ölümlə etiraz və qisas

İki il əvvəl qətlə yetirilən sahibkarın qızı intihar etdi, oğlu isə Xanbabayevi sillələdi

Başçının müavinləri, köməkçisi və sürücüsü ona qəzəb püskürən Cavid Həbibovu ölümcül döydü

“Şəmsəddin Xanbabayev və onun adamları bizim ailədən ikinci şəxsi də öldürdülər. Bacım anamın öldürülməsindən sonra depressiyaya düşmüşdü. Daim müalicə altında idi. Anamın ölümü ilə barışa bilməyib sonda intihar elədi. Icra başçısı özbaşınalıq edir, Xaçmazda at oynadır”. Bu sözlərin müəllifi 2010-cu il sentyabrın 15-də evində qətlə yetirilən “Arzu” ticarət mərkəzinin sahibi Nəcimə Babayevanın oğlu Fuad Həbibovdur.
Fuad Həbibovun 49 yaşlı bacısı martın 28-də səhər saatlarında özünü rayonun mərkəzində digər bacıları Gülnarə Həbibovanın yaşadığı mənzilin beşinci mərtəbəsindən ataraq dünyasını dəyişib.

Cavabları bəlli olan suallar

Ötən gün biz hadisə yerinə gedib olayın təfərrüatlarını öyrənməyə çalışdıq. Fuad Həbibov deyir ki, icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xaçmaza gələn gündən bazara göz dikib: “Sahibi olduğumuz Ticarət Mərkəzini bizdən almaq istəyirlər. Rayon məmurlarının müdaxiləsi nəticəsində bu günə qədər anamın qatilləri tapılmır. Anam amansızlıqla qətlə yetirildi. Bizim evin bir tərəfində rayonun keçmiş prokuroru Rasim Məlikovun villası, başqa tərəfdə isə sahə müvəkkilliyinin idarəsi yerləşir. Ancaq heç kəs bu olayı törədəni tapa bilmədi. Daha doğrusu tapmadı, çünki özlərinə sərf etmirdi. Indi bacım intihara əl atdı. O, anamın ölümündən sonra çox pis günə düşdü. Qətlin sifarişçiləri və icraçılarının tapılmaması onu lap ağrıtdı. Bu qədər özbaşınalıq olmaz. Insan öldürülür, heç kim cinayət məsuliyyətinə cəlb olunmur. Bizim bu ölkədə yaşamaq haqqımız yoxdurmu? Biz ailəlikcə Azərbaycanı tərk etmək haqda düşünürük. Mərasimdən sonra xarici səfirliklərə müraciət edəcəyik. Bir daha sübut olundu ki, bu ölkədə sıravi vətəndaşların yaşamaq hüququ yoxdur. Məntiqlə belə çıxır ki, sadə vətəndaşın mülkü, obyekti ola bilməz. Villalar, dükanlar, biznes mərkəzləri ancaq məmurlar üçündürmü?! ”Arzu” ticarət mərkəzi bizim qanuni biznesimizdir. Niyə bu bazarı əlimizdən almaq istəyirlər?! Məgər bizim sahibkarlıqla məşğul olmağa haqqımız yoxdur?! Biz ancaq kiçik dükan işlətməliyik?! Bu suallara cavab verə biləcək məmur axtarıram”.

Eyni şayiə, eyni uydurma

Fuad Həbibov deyir ki, anası Nəcimə Babayeva öldürüləndə qətli qardaşı Cavidin üstünə atmaq istəyiblər: “Rayonda belə şayiə yaydılar ki, mərhumun övladları mülkü öz aralarında bölə bilmədikləri üçün analarını qətlə yetirdilər. Bu, ağ yalandır. Rayonda hamı bilir ki, biz hansı ailədə böyümüşük, hansı tərbiyənin sahibiyik. Anam qətlə yetiriləndə müstəntiq və polislər hadisə olan otağa bizi buraxmadılar. Qatilin əl və ayaq izləri silindi. Bu əsas verir ki, biz hökumət nümayəndələrinin qətldə iştirakından şübhələnək. Çünki Nəcimə Babayevanın qətlinin planı çoxdan hazırlanmışdı. Anam da bunu bilirdi və ona görə də son zamanlar çox ehtiyat edirdi. Hansı məclisə gedirdisə yemək yemirdi, zəhərləyib öldürəcəklərindən qorxurdu, sonda qorxduğu bəla başına gəldi və onu qətlə yetirdilər”.

Xaçmazda olanda öyrəndik ki, Nəcimə Babayeva qətlə yetirilən zaman yayılan şayiə indi də işə düşüb. Təranə Həbibovanın da intihar etməsində ailədaxili məsələnin olduğu önə çəkilir. Guya Həbibovlar analarından qalmış mirası aralarında bölə bilmədikləri üçün Təranə sonda intihar etməyə məcbur olub. Ailəni yaxından tanıyanlar və qonşularla söhbət edərkən onlar bildirdilər ki, belə bir məlumat yanlışdı: “Bu cür məlumatların heç bir əsası yoxdur. Istəyirlər ki, intiharın səbəbini cəmiyyətdən gizlətsinlər. Ərazidə ”taksovatlıq” edən sürücülərə deyiblər ki, guya Nəcimə Babayevanın övladları öz aralarında razılığa gələ bilmədikləri üçün belə bir hadisə törənib. Bu, şayiədən başqa bir şey deyil”.

Polislərin tapşırığı

Təranə Həbibova Qubanın Alekseyevka kəndində yaşayırdı. Son günlər vəziyyəti yaxşı olmadığı üçün Xaçmaza bacısı Gülnarəgilə gəlmişdi. Gülnarə evdə olmayan zaman o intihar edib.
Biz hadisə baş verən ünvana da getdik. Təranə Həbibovanın meyiti olan yer təmizlənib. Qan izləri yuyulub. Bizə bələdçilik edən şəxs deyir ki, hadisə baş verən vaxtda ərazi nəzarətdə saxlanıldı: “Mərhumun düşdüyü yerə kağız qoymuşdular, az sonra onu götürdülər”.
Beşmərtəbli binanın altında fəaliyyət göstərən obyektlərə bir-bir baş çəkirik. Məlum olur ki, bütün dükan sahiblərinin hadisədən xəbəri var, ancaq olayın necə baş verdiyini görməyiblər. Deyirlər ki, hadisə erkən baş verib. Dükanlar isə saat 12-də açılıb. Ancaq sonradan öyrəndik ki, məsələ heç də elə deyilmiş. Sən demə, polislər hadisədən sonra bir-bir dükanlara daxil olub, olay barədə heç kimə heç nə deməməyi tapşırıb: “Insanlar bir tikə çörəyinin qorxusundan susurlar. Halbuki hamısı görüb, sadəcə qorxularından danışa bilmirlər”.

Quba və Xaçmazın icra başçıları arasında fərq

Xaçmazda olan zaman daha bir maraqlı məlumat əldə etdik. Bacısının intihar xəbərini eşidən Cavid Həbibov olay yerinə gəlib. Əsəblərini cilovlaya bilməyən Cavid oradan dərhal icra hakimiyyətinin binası önünə gedib. Binanın qarşısında təsadüfən icra başçısı Şəmsəddin Xanbabayev müavinləri – Akif Mərdanov, Azər Haqverdiyev, Yetkin Mehmanov, köməkçisi Fuad və sürücüsü Mansur ilə söhbət edirmiş. Cavid icra başçısına yaxınlaşan kimi ona sillə vurub və bacısının ölümündə onu günahlandırıb. Bunu görən Şəmsəddin Xanbabayevin yanındakı şəxslər Cavidə hücum ediblər və onu ölümcül hala salıblar. Qardaşının icra hakimiyyətinə getdiyini görən Fuad Həbibov da onun ardınca yollanıb. Onu da orada döyüblər. Yalnız ətrafdan keçənlərin müdaxiləsi nəticəsində Həbibovlara qarşı zorakılığın qarşısı alınıb.
Fuad Həbibov deyir ki, icra başçısına hücum çəkmək əslində düzgün addım deyil: “Ancaq özləri buna vadar etdilər. Niyə indiyə qədər anamın qətlini tapıb açmadılar? Niyə anamı qətlə yetirdilər? Bütün bunlara dözə bilməyən bacım sonda intihara əl atdı. Qubada icra başçısı insanları təhqir edir. Xaçmazda isə vətəndaşları öldürür. Anamın və bacımın qatilləri icra hakimiyyətinin başçısı və onun əlaltılarıdır”.

Biri deyir gedib, biri deyir getməyib…

Olayla bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün icra hakimiyyətinə yollandıq. Bizi ictimai-siyasi şöbənin əməkdaşı Yaqut xanım qarşıladı. Gəlişimizin məqsədini biləndən sonra icra başçısının otağında olmadığını, müavinlərin hamısının başqa yerdə olduğunu söylədi. Özü isə hadisənin şahidi olmadığını dedi. Yaqut xanımın sözlərinə görə, Həbibov qardaşları ilə icra başçısı arasındakı insident icra hakimiyyətinin binası qarşısında salınan hasardan o biri tərəfdə olub: “Mənim isə onu görməyim mümkün deyil”.
Icra başçısının köməkçisi Fuadın yanına getdik. O Yaqut xanımdan fərqli olaraq bildirdi ki, Şəmsəddin Xanbabayev otağındadır: “Bakıdan qonaqları gəlib. Sizi qəbul edə bilməyəcək”. Köməkçiyə “onu qapısında gözləyəcəyik” deyəndə “bu gün mümkün deyil, sizinlə görüş ola bilməz” cavabını verdi. Başçı otağında kiminləsə görüşəndə qapını döyüb içəri keçməyi ədəbsizlik kimi qiymətləndirən köməkçi onun icazəsi olmadan Şəmsəddin Xanbabayevlə görüşməyəcəyimizi qeyd etdi.
Insidentdə köməkçinin də adı hallandığı üçün onun da mövqeyini öyrənməyə çalışdıq. Ancaq Fuad dedi ki, o yalnız qəbul işlərinə baxır, heç bir sualımıza cavab verə bilməyəcək.
Beləcə biz icra hakimiyyətindən uzaqlaşdıq.
Xaçmaz rayon prokurorluğunda olayla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

***

Həbibovlar ailəsinin bu, artıq ikinci itkisidir. Nəcimə Babayevadan sonra növbə övladı Təranə Həbibovaya çatdı. Birincisi qətlə yetirildi, ikincisi intihara vadar edildi. O biri övladlarının da həyatı təhlükədədir. Anaları qətlə yetirilən andan bəri dəfələrlə təzyiqlərlə üzləşiblər. Bütün bu təhdidlərin bir səbəbi var – “Arzu” ticarət mərkəzini ələ keçirmək.

Ramin DEKO,
Bakı-Xaçmaz-Bakı