Dünən xaricdə yaşayan soydaşlarımız facebook vasitəsi ilə haray çəkdilər, mən də olanları onlardan duydum.
Tüklərim tikan-tikan oldu.
Üzüldüm, sarsıldım.
Gizlətməyəcəm, gözlərim belə doldu.
Və çox keçmədən o üzüntünün, o sarsıntının yerini öfkə tutdu, nifrət tutdu, qəzəb tutdu. Dədəsinin heykəlinə toz qondurmayan bir zehniyyətin Azərbaycan tarixinin ləyaqətli, şərəfli, aydınlıq insanlarına sahiblənməsi, sayğı duyması üçün o insanların da illah ki, zamanında necə olursa olsun, hakimiyyəti qəsb etməsi, sonra da onu öz övladlarına ötürməsimi gərəkir?
Söhbət nədən gedir? Milli mübarizə tariximizin şərəfli adlarından, ömrünü Azərbaycanın müstəqilliyi uğrunda şam kimi əridənlərdən biri Əbdürrəhman bəy Düdənginskinin Almaniyanın Neu-Ulm şəhərindəki məzarının 10 illik kirayə haqqı ötən il bitdiyi üçün məzar daşı götürülüb, qəbirlərin isə üstünü ot-alaq basıb.
Məzarların kirayə haqqını uzatmaq üçün təxminən 1000 avro lazımdır. Düdənginskinin xidmətlərinin valyuta ilə qarşılığı yoxdur, 1000 avro nədir, milyonlarca avro belə, onun işlərinin, əməllərinin əvəzi ola bilməz.
Amma sən gəl bunu Azərbaycanın Almaniyadakı səfirliyinə başa sal. Məzar daşları götürüləli aylar olub, amma bu ölkədəki səfirliyimizdən “çırt” səsi yoxdur. Təəccüblənmirik. Içi Almaniyadakı səfirliyimiz olmaqla, Azərbaycanın xaricdəki heç bir səfirliyi o ölkədə Azərbaycanın maraqları üçün oturmayıb, Azərbaycanı təmsil etmirlər. Onlar YAP-ın xaricdəki rayon təşkilatlarıdır, yeganə funksionallıqları da Heydər Əliyevə heykəl qoydurmaq, hardasa uçuq-sökük bir park tapıb Azərbaycanın pulları hesabına təmir etdirərək ona Heydər Əliyev adı verdirmək, həmin ölkədə Ilham Əliyev haqqında tənqid yazan qəzetlərə cavab yazısı göndərməkdən ibarətdir.
Yaxşı, səfirliyi başa düşdük. Bəs Azərbaycan hakimiyyətinin özü hara baxır? Bu olanlar heçmi vicdanlarını sızlatmır? Bu olanlar heçmi qürurlarına toxunmur?
Belə də vicdansızlıq olarmı? Belə də gönüqalınlıq olarmı? Strasburqda hansısa kilsənin pəncərələrinin bərpasına 40 min avronu şıtır-şıtır saya bilirlər…
Berlin qəsrinin divarlarının bərpasına 50 min avro ayıra bilirlər…
Bosniya-Hersoqovinada 400 min avroluq körpü tikməyə pulları var…
Belqraddakı “Taşmaydan Parkı”nın bərpasına 1 milyon 700 min avronu gözlərini qırpmadan hədiyyə edirlər…
Luvr muzeyinin təmirinə 1 milyon dollar tapırlar, amma Düdənginskinin məzarında rahat uyuması üçün 1000 avrolarımı yoxdur?
Bu, nə millət düşmənçiliyidir? Bu, Azərbaycanın milli mübarizə tarixinə nə laqeydlik, nə ögeylikdir? Xalqın simgə insanlarının ruhuna nə sayğısızlıqdır bu? Bu ayıbı necə atacaqsınız üzərinizdən, bu ləkəni necə siləcəksiniz alnınızdan?
Siz bu ləkəni alnınızdan necə siləcəksiniz bilmirəm, amma tarixin sizi bir ləkə kimi öz səhifələrindən necə siləcəyini, necə silib atacağını gözəl bilirəm.
Darıxmayın, heç darıxmayın.
Təhsilsizlik siyasətinin ifşası
Dünən TQDK sədri Məleykə Abbaszadə açıqladı, son 20 ildə Azərbaycanda 22ÿ332 qanunsuz tələbə qəbulunun həyata keçirildiyini dedi.
Bu 20 ilin 19 ili bu hakimiyyətin, bu 19 ilin də 15 ili isə birbaşa Misir Mərdanovun adı ilə bağlıdır. Deməli, ortadakı utancın cavabdehləri də onlardır: bu hakimiyyət və onun təhsil sahəsindəki “Koroğlu”su – Misir Mərdanov.
TQDK sədrinin açıqladığı rəqəmlər Azərbaycanın necə sürətlə savadsızslaşdırıldığının, cəhalət bataqlığına gömüldüyünün göstəricisidir. Bu ölkədə təhsilin faktiki yox edildiyinin, ölkədə bilgisiz, elmsiz, qulağı varkən eşitməyən, gözü varkən görməyən, dili varkən danışmayan bir nəsilin yetişdirildiyinin ifşası və isbatıdır.
Normal ölkədə bu rəqəmlərin yeri yerindən oynatması, təhsil nazirinin bir an belə düşünmədən istefaya göndərilməsi, haqqında hüquqi ölçü götürülməsi gərəkir. Amma bizdə həmişəki kimi bir səssizlik, bir sükunət hakimdir. Sanki belə də olmalı imiş.
“Belə də olmalı imiş” yox, elə belədir! Çünki Ilham Əliyev təhsilli, bilikli, düşünən, fikir ürədən vətəndaşdan qorxur. Ona kütlə lazımdır, kütbeyinlər, cahillər, nadanlar ordusu lazımdır.
Elə ona görə də bu ölkədə Harvard məzunu həbsdə ikən, təkcə Təhsil Nazirliyində 80 nəfər saxta diplomlunun vəzifə aldığı ortaya çıxdı keçən günlərdə.
Yazıq sənə, Azərbaycan! Yüz kərə yazıq, min kərə yazıq!