«Xalqla aralarında yaratdıqları uçurumun dərinliyi oradan sağ-salamat çıxmaq ehtimalını heçə endirir»
Neftdən əldə olunan fantastik gəlirlər xalqın rifahının əsaslı dərəcədə yaxşılaşmasına əsla təsir göstərmədi. Bu gəlirlərin hesabına cüzi miqdarda artırılan maaş və pensiyalar daim yüksələn yaşayış xərclərinə görə təlaş, təşviş keçirən insanları aldatmaqdan başqa bir şey olmadı.
Böyük neft gəlirlərinə baxmayara, xalqın güzəranının aşağı səviyyədə qalmasının əsas səbəbi YAP iqtidarıdır. Korrupsiya və rüşvətxorluq bu iqtidar üçün dövlət idarə üsuluna çevrilib. Belə idarəçiliyin mənfi nəticələri əyalətlərdə, o cümlədən Şəkidə özünü daha çox büruzə verir. Şəkinin istənilən sakini yaxşı bilir ki, rüşvətsiz nə iş yeri əldə etmək, nə sosial yardım almaq, nə də hər hansı başqa bir problemi həll etmək mümkün deyil.
Şəkidə işsizliyin səviyyəsi yüksək olaraq qalır. İnsanlar, xüsusən gənclər işsizliyin nəticəsi kimi meydana gələn maddi sıxıntılar və mənəvi iztirablar məngənəsində boğulur.
Büdcə təşkilatlarında əmək haqlarının ləngidilməsi mütəmadi hal alıb. Əhaliyə təklif olunan kommunal xidmətlərin, həmçinin qazın, işığın qiyməti onun gəlirlərinə uyğun deyil. Verilən əməkhaqları ilə bu xərcləri ödəmək, eyni zamanda, ən zəruri həyat tələbatlarını, o cümlədən ərzağa, dərmana olan ehtiyacı üstələmək müşkül bir məsələyə çevrilib. Ərzaq dükanlarındakı, apteklərdəki qalın nisyə dəftərləri bunu təsdiq edir.
Faktların təhlili, müşahidələr və məlumatlar göstərir ki, pis vəziyyətə düşərək torpaqlarını dəyər-dəyməzə icarəyə verən kənd əhalisi dözümün son həddini yaşayır. Onun bu vəziyyətə düşməsinin başlıca səbəbi yerli hakimiyyət orqanlarının haqsızlığı, rüşvətxorluqdur. Başları öz şəxsi maraqlarına qarışan məmurlar əhalinin problemləri, dərd-sərilə maraqlanmırlar. Quba hadisələri bu cüh yanaşmanın nə qədər qorxulu nəticələr verəcəyini göstərdi.
Hakimiyyətin yerli nümayəndələrinin yarıtmaz işi ucbatından, həmçinin məmurlar öz nəfslərinə sahib durmadıqlarına görə əhali ilə rəsmi strukturlar arasındakı uçurum hər an dərinləşməkdədir.
İctimai Palatanın Şəki təşkilatı olaraq, biz yerli məmurları öz fəaliyyətlərinə bir daha nəzər yetirməyə, indiyədək tutduqları yoldan çəkinməyə çağırırıq. Əks təqdirdə, xalqla aralarında yaratdıqları uçurumun dərinliyi oradan sağ-salamat çıxmaq ehtimalını heçə endirir.