Repressiyalar və kütləvi həbslər işğal məqsədli siyasətdir
Sui-qəsdlərdən sonrakı inanılmaz davranış…
Uzun illər ərzində Gürcüstan Rusiyanın iqtisadi embarqosu və blokadası altında qaldı. Bütün bu tədbirlər ona hesablanmışdı ki, bu ağır zamanlarda xalq öz rəhbərliyinin əleyhinə qalxacaq, millətin parçalanması prosesi başlayacaq. Amma gürcülər aclığı və blokadanı mətanətlə dəf etdilər…
İsa Sadıqov
90-cı illərdən üzübəri Eduard Amvrosiyeviç Şevardnadzeyə qarşı bir neçə dəfə terror aktı hazırlandı. Ilk dəfə 1995-ci ilin 29 avqustunda, Türkiyənin baş naziri Tansu Çillərin Gürcüstana səfəri ərəfəsində belə bir teraktın qarşısı alındı. Çillər Gürcüstana Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı məsələni müzakirə etməyə gəlirdi. 1996 və 1997-ci illərdə baş verən terror aktları da hədəfə dəymədən yan keçdi. Almanların Şevardnadzeyə bağışladığı zirehli Mersedes də onun həyatını xilas etdi. Amma bu halların heç birində kütləvi həbslər, şübhəlilərin və cinayətkarların qohumlarının, dostlarının həbsi baş vermədi, bu hadisələrdən milləti qorxutmaq və kütləvi repressiyalar üçün istifadə edilmədi. Gürcüstanda Şevardnadzenin opponentləri və hətta düşmənləri belə “xalq düşmənləri” elan edilmədi. Yalnız cinayəti törədənlər və bu hadisələrlə birbaşa əlaqəsi olanlar məhkəməyə çıxarıldı.
Orada kabinetlərdə Şevardnadzenin şəklinin yerinə nə asılırdı?
90-cı illərin əvvəllərində mən xidməti işimlə bağlı olaraq bir neçə dəfə Gürcüstanda oldum. Bir neçə dəfə hökumət üzvləri ilə və Baş nazirlə görüşdüm. Hətta baş nazir Gtara Patsatsiyanın, onun müavinlərini kabinetində belə bircə dəfə də olsun, Şevardnadzenin portretini görmədim. Bütün kabinetlərdə yalnız gerb və Gürcüstanın bayrağı vardı: ləyaqətli, müasir və səliqəli şəkildə. Gürcüstanın heç bir yerində millətin regional, siyasi, klan mənsubiyyəti əsasında Azərbaycanda olduğu kimi parçalanmasının şahidi olmadım. Ən yüksək vəzifə sahibləri belə məntiqlə onların opponenti sayılacaq insanlarla bir yerdə oturub-durur, masa arxasında hansısa məsələləri müzakirə edir, bir-birinin evinə qonaq gedib-gəlirdilər. Bütün bunları müşahidə etmək çox xoş idi. Və bütün bunlar Şevardnadzenin iradəsi və xoş məramı ilə də əlavə olaraq stimullaşırdı.
Səriştəsiz gəncliyin qurduğu ölkə
Eduard Şevardnadzenin ən böyük xidmətlərindən biri də Gürcüstanda yeni, bacarıqlı, enerjili bir nəslin yetişdirilməsinə şərait yaratması oldu. Diqqət yetirin: bu gün Gürcüstanda nə qədər gənc siyasətçilər vardır. Bu prosesdə Şevardnadzenin danılmaz xidmətləri vardır. O, məhv etmirdi, təqib etmirdi, həbsxanalara atmırdı, əksinə insanların yetişməsinə, öz haqqını tələb etməsinə imkan verən situasiyanın qorunub saxlanmasına çalışırdı. Mən hətta onu da xatırlayıram ki, Şevardnadzenin ölkə rəhbərliyindən getməsi nə qədər adamı mütəəssir etmişdi. Çoxları ölkənin gələcəyindən narahat olurdular. Amma bünövrə kifayət qədər möhkəm qoyulmuşdu: gənclər – bir çoxlarının səriştəsiz adlandıra biləcəyi adamlar hakimiyyətə gəldilər, Gürcüstanda hər şeyi daha yaxşı təşkil etdilər və daha yaxşı Gürcüstan qurdular. Demokratiyanın mahiyyəti də bundan ibarətdir. Xüsusilə, hakimiyyətinin son illərində onun məqsədli şəkildə gücləndirdiyi demokratik institutlar və dəyişikliklər öz bəhrəsini verdi. Gürcüstan ayaq üstədir, inkişaf edir, çətinlikləri dəf edir, ölkədə əsl rəqabət mühitinin atributları möhkəmlənməkdədir.
Gürcüstanda çoxdandı, olmamışdım. Oraya 9 il sonra getdim. Gözlərimə və qulaqlarıma inana bilmədim: Gürcüstanı tanımaq mümkün deyildi. Ilk baxışdanca yaranan və getdikcə artan qənaət bundan ibarətdir ki, Gürcüstan inkişaf edir, möhkəmlənir və o, artıq öz gələcəyinin təminatlarını yarada bilib. Orada milyonlarla xərc çəkib heç kimin atasına, anasına, babasına heykəllər qoymurlar. Orada 30-40 il bundan əvvəl olduğu kimi adi qaydada evlər, xəstəxanalar, məktəblər, uşaq baxçaları tikirlər. Vəssəlam. Həm də xüsusi milyonlar tələb və sərf etmədən.
Əliyev repressiyalarını yaşamayan bircə ailə belə, yoxdur
Azərbaycana ilk dəfə 1992-ci ilin ortalarında Milli Orduya xidmətə başlayanda gəldim. Xidmət etmək üçün məni Qərb bölgəsinə göndərdilər. Yaşayış məntəqələrini bir-bir gəzdim, məktəblərə, başqa sosial obyektlərə xüsusi olaraq baş çəkdim. Və həmin vaxtlar bir zamanlar Heydər Əliyevin etdiyi alovlu-odlu çıxışlar, beşillik plan və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı raportlar, keçici qırmızı bayraqlar, qızıl ulduzlar, Azərbaycanın uğurları haqqında pafoslu nitqlər yadıma düşdü. Mən öz həmvətənlərimin, soydaşlarımın, mənə dünyalar qədər doğma və əziz olan millətin yaşadığı şəraitə, məktəblərin, xəstəxanaların, yolların vəziyyətinə görə xəcalət çəkdim. Mən kənd və ya şəhər olduğu anlaşılmayan, amma hər halda şəhər adlanan yaşayış məntəqələrinə heç cür uyuşa bilmirdim. Nəticə birmənalı idi: Azərbaycan o dövrün Gürcüstanı ilə müqayisə edilə bilməz, vəssəlam. Artıq o zamanlar, Əliyevin hakimiyyətə ikinci dəfə gəlmədiyi o günlərdə adamlar danışırdılar ki, Azərbaycanda Heydər Əliyev repressiyalarının qurbanı olmayan, əziyyətini yaşamayan bircə ailə belə yoxdur. Əlbəttə, Əliyevin hakimiyyətinin həmin dövrü barədə o zamanın şahidi olan məlumatlı insanların bu barədə yazması daha doğru olardı və buna ciddi ehtiyac var. Azərbaycan ziyalılarının o zamankı nəslinin nümayəndələri bunu Azərbaycan xalqına hələ də borcludurlar. Mən isə sadəcə olaraq, özümün şahidi olduğum zamanın hadisələri və şəraiti barədə yaza bilərəm. Həm də 1993-cü illərin əvvəllərindən hansısa sehrli bir komanda ilə başlayan proseslərdən. Açığını desəm, həmin zaman adamlarda belə bir ovqat vardı ki, Heydər Əliyev qocalıb, müdrikləşib, birinci idarəetmə dövründə yol verdiyi xətaları dəyərləndirib və onun indi hakimiyyətə qayıtması həmin günahlarını yumaq, həm də Azərbaycan xalqı üçün hansısa tarixi missiyasını başa vurmaq niyyətindədir. Həm də, axı artıq Ittifaq hökuməti yoxdur, yuxarılara heç nə ötürmək, Moskvadan alınan hansısa göstərişlərə görə xalqa əziyyətlər yaşatmaq, əvəzində hansısa ordenlər, medallar, mükafatlar, fəxri adlar almaq ehtiyacı da yoxdur. Amma onun fəaliyyətinin lap ilk günlərindən anlaşıldı ki, bu ehtimalların bətnində çox dəhşətli şübhələr vardır. Bu fəaliyyətin ilk simptomları da bundan ibarət oldu ki, millətin, ordunun, ayrı-ayrı əhali qruplarının arasında dibi görünməyən bir uçurum yaranmağa başladı.
(ardı var)
GƏLƏN SAYDA:
Əliyevin 1993-cü ilin dekabrında ümummilli səfərbərlik barədə çağırışını xatırlayırsınızmı? Guya o, işğal edilmiş torpaqları azad etmək və bu münaqişəni birdəfəlik bitirmək istəyirdi…