Rəsmi Bakı səfirliyin fəaliyyətini dayandırmağa tələsmir
Zəfər Quliyev: «Bununla rəsmi Bakı bu cür inqilabi prosesləri dəstəkləmədiyini və Bəşər Əsədin mövqeyini dəstəklədiyini nümayiş etdirir»
Suriyada baş verən olaylar bir çox ölkələri öz vətəndaşlarını geri çağırmağa, eyni zamanda səfirliklərin fəaliyyətini dayandırmağa məcbur edib. Lakin Azərbaycan hələ bu addımı atmaq niyyətində deyil. Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Azadlıq” radiosuna hazırda Suriyada 30-a yaxın azərbaycanlı tələbənin təhsil aldığını deyib. XIN nümayəndəsinin sözlərinə görə, onların təhlükəsizlik məsələləri daim səfirliyin diqqətindədir. Səfirlik onlarla əlaqə saxlayır, müəyyən qeyri-stabillik müşahidə olunan kimi onların vəziyyəti ilə maraqlanır. E.Abdullayev hazırda Azərbaycanın Suriyadakı səfirliyinin bağlanması, yaxud səfirin geri çağırılması ilə bağlı hər hansı bir qərarın olmadığını da bildirib.
Qeyd edək ki, bu günlərdə Türkiyə Suriyadakı səfirliyini bağlayıb. Bundan əvvəl isə Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveyt də Suriyadakı səfirliklərini bağlamışdı. Daha əvvəl ABŞ və Fransa Dəməşqdəki səfirliklərini bağlayıb. Italiya, Böyük Britaniya və Ispaniya isə Suriyadakı diplomatik missiyalarının fəaliyyətini müvəqqəti dayandırıb.
Suriyada hər gün onlarla insanın həlak olduğu halda, Azərbaycan niyə öz vətəndaşlarını təhlükə altına qoyur?
Xatırladaq ki, Misirdə qanlı hadisələr baş verən zaman Qahirədəki səfirliyin əməkdaşı Nicat Qocayev həlak olmuşdu. Yalnız bundan sonra ölkə başçısı Misirdə olan Azərbaycan vətəndaşlarının köçürülməsi üçün göstəriş verdi. Görünür, hakimiyyət Suriyada da vətəndaşlardan birinin həlak olmasını gözləyir. Insanların təhlükə altında saxlanmasının başqa izahı yoxdur.
![]()
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Zəfər Quliyev Azərbaycanın Suriya məsələsində ehtiyatlı mövqe tutmağa çalışdığını deyir. Bu səbəbdən də digər ölkələrin atdığı addımları təkrarlamaq istəmir: “Rəsmi Bakı ehtiyatlı mövqe nümayiş etdirir. Çünki bu cür inqilabi proseslər hakimiyyəti qorxudur. Ona görə də Azərbaycan Qərb ölkələrinin bu hadisələrdə mövqeyini dəstəkləməkdə maraqlı deyil”.
Ekspertin sözlərinə görə, Dəməşqdəki səfirliyin fəaliyyətini davam etdirməklə rəsmi Bakı bu cür inqilabi prosesləri dəstəkləmədiyini və Bəşər Əsədin mövqeyini dəstəklədiyini nümayiş etdirir. Çünki Əsəd mövqeyini qoruyub saxlaya bilsə, başqa avtoritar rejimlər də özləri üçün əlavə güc, dəstək taparlar.
Ekspert bundan sonra da Bakının bu cür davranış modelini tətbiq edəcəyini qeyd etdi.
Səfirliyin fəaliyyətinin dayandırılmamasının başqa bir səbəbi kimi isə ekspert Xarici Işlər Nazirliyinin bu məsələdə müstəqil mövqe nümayiş etdirə bilməməsi ilə izah etdi. Bütün məsələlər birbaşa prezidentin göstərişlərindən asılıdır. O isə mövqeyini dəyişməyə tələsmir. Çünki Bakı hələ də Liviyadakı nəticələrin Suriyada təkrarlanmayacağına inanır.
Fizzə


