90-AF-364

“Biz günahkarın kim olduğunu müəyyənləşdirib, lazım olan tədbirləri görəcəyik. Günahkar kimdirsə, cazasını alacaq”, – bu sözləri martın 26-da paytaxtda taksi sürücülərindən birinin Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülməsinə münasibət bildirən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “Qafqazinfo”ya açıqlamasında deyib.
Ziya Məmmədovun məmurları sürücüdən 100 manat rüşvət istəyib və iş onun linç edilməsi ilə başa çatıb. Videoda onun çat-çat olmuş asfalt gölməçəsində taqətsiz uzanıb qaldığı görünür. Deyəsən, beli qırılıb və deyəsən, o beli qırılan hansısa vətəndaş deyil, bütöv bir ölkədir…
Hətta bu 100 manat söhbəti yalan, sürücü tam günahkar olsa belə, yenə də, dövlət məmurunun hər hansı vətəndaşı bu cür amansızlıqla döyməsinin və bu halın ilk dəfə olmamasının bir nəticəsi olmalıdı: Ilham Əliyev və onun yuxarıdan aşağıyacan məsul vəzifədə olan, əmrlər verən bütün məmurları xalqdan üzr istəyib hakimiyyətdən, tutduqları vəzifədən istefa verməli, sonra isə qanun qarşısında cavab verməlidirlər. Kiminsə öz evində, otellərdə, kirəyə evlərdə sekslə məşğul olmasını gizlicə videoya çəkib yaymaq, kiminsə cibinə heroin atıb, kiminsə üzünə küçə fahişəsi durğuzdurub şərləmək heç də hakimiyyətə haqq vermir ki, belə azğınlıqla məşğul olsun. Hətta insanın ən doğal tələbatı olan cinsi ehtiyaclarını ödəməsi qanunla yasaq olunsaydı belə (bu rejimin bir gün mentalitetimizi, milli-mənəvi dəyərlərimizi və zəhmətkeşlərin çoxsaylı müraciətlərini nəzərə alıb belə bir qanun qəbul etdirəcəyi Günəşin doğmasından da inandırıcı görünür), yenə də rejimin başında duran şəxsdən onun nökər-naibinə qədər heç kəsin bu cür vəhşilik nümayiş etdirmək haqqı yoxdu!
“Günahkar kimdirsə, cazasını alacaq!..” Artıq iyirmi ilə yaxındır ki, biz bu sözü eşidirik. Cəzasını alan isə yoxdur. Daha doğrusu, var, ancaq bu cəzalananların heç birinin o cinayətlərə, qətllərə, quldurluğa, narkoticarətə, qədərindən artıq narkotik vasitədən istifadəyə zərrəcə dəxli yoxdu. Elmar Məmmədovdan başlayaraq, onlarla tanınmış simanın və on minlərlə də sıravi vətəndaşın başına gətirilən müsibətlərdən sonra hər dəfə bu sözləri eşidə-eşidə, o günahkarlarınsa heç vaxt müəyyənləşmədiyini görə-görə yaşayırıq. Heç vaxt da tapılmayacaq, Namiq yoldaş!
Məgər siz günahkarın kim olduğunu bilmirsiz? Bunu bilmək üçün nə hüquqşünas, nə də Zirəddin Rzayev olmağa gərək var. Ancaq bilmədiyinizi iddia edirsinizsə, onda bilin: günahkar sizin də qulluqçusu olduğunuz, yalanlarını gizlətdiyiniz, rəzillikləri qarşısında susduğunuz bu rejim, onun başında duranlar, yönəldənlər, idarə edənlərdi.
Bircə orada haqlısınız ki, bəli, günahkarlar cəzalarını alacaqlar. Əlbəttə, bunun geci-tezi var. Və bir gün o “gez-tez” gəlib yetişəndə yaxanızı necə kənara çəkəcəksiniz? Yoxsa “Mən kimdim ki?” – deyəcəksiniz? Bu sualı verə bilərsizmi? Ümumiyyətlə, bu sualı ən sıravi, sizin nəzərinizdə az qala, “heç kim” olan vətəndaşın belə verməyə haqqı çatmır, o ki qaldı sizin kimi bir mətbuat katibi ola…
Deyək ki, günahkarı bu qədər yuxarı səviyyədə görə, tanıya bilmirsiniz. Bəs videoda gördüyünz, əlində bel, cəllad sifətli, qan çanağına dönmüş gözləri hədəqəsindən çıxan o bədheybət işçiləriniz? Onları da tanıya, tapa bilmirsizmi? Bəs buna qədər iki sürücünün qətlinə, neçələrininsə vəhşicə döyülməsinə qanlı imza atan əməkdaşlarınız? Xeyr, onlar günahkar deyil, ona görə də siz onları tapa bilməyəcəksiniz. Onları qatilə çevirən rejimə kölə olana kimi…
90-AF-364 – bu isə sizin rejimin nömrəsidi. Onu ki, müəyyənləşdirmək elə çətin deyil… Ya, o da çətindi?