«Icra başçısının vəzifədən kənarlaşdırılması onun günahkar olduğunu təsdiqləyir»
“Camaatı polisə çağırmaqla qorxudurlar ki, bir də aksiya keçirmək fikrinə düşməsinlər”
Martın 1-də Qubada keçirilmiş etiraz aksiyası ilə əlaqədar saxlanılanlar azadlığa buraxıldıqdan sonra bu barədə danışmaq istəmirlər. Kimisi Bakıda qohumlarının yanında olduğu üçün bir müddət rayonda görünmədiyini deyir, kimisi də kurorta getdiyi üçün işdə olmadığını bildirir.
Martın 17-dən saxlanılan və 8 gün sonra – ayın 25-də evinə buraxılan Quba bələdiyyəsinin sədr müavini Dəstəbəy Tərlanov da başına gələnlər barədə danışmaq istəməyib. Sədr müavini yalnız onu deyib ki, saxlamaq polisin, cavab vermək isə onun borcudur: “Mən evimdəyəm. Özümü də yaxşı hiss edirəm. Heç bir problem də yoxdur”.
Qubadakı etiraz aksiyalarından polisə çağırılanların bir qismi isə danışmağa meylli olsalar da, telefonlarının dinlənildiyini deyib susmağa üstünlük veriblər. Adının çəkilməməsi şərtilə rayonda aksiya iştirakçılarının hələ də polisə çağırılıb dindirildiyini bildirənlər də var.
“Məqsəd, hamını qorxudub sakitləşdirməkdir”
Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, rayonda sakinlərin polisə aparılıb dindirilməsi davam edir. Özü də bunu məqsədli şəkildə edirlər ki, camaat qorxub bir də belə aksiya keçirmək fikrinə düşməsin: “Indi də Rustovun Xanəgah kəndindən 8 nəfər saxlanılıb. Polisə aparılanların əksəriyyətini dindirib buraxırlar. Məqsəd, hamını qorxudub sakitləşdirməkdir. Əlbəttə bu, cəmiyyətdə qorxu yaradır”.
A.Abdullayevanın sözlərinə görə, həmin hadisələr zamanı deputat Vahid Əhmədov vəd vermişdi ki, heç kim təqib olunmayacaq. Hüquq müdafiəçisinin fikrincə, deputat bu hadisələrdə yaxşı işləyib və etirazçılara kömək üçün əlindən gələni edib. Amma indiki hadisələrin fonunda təqiblərin olmadığını demək də mümkün deyil.
Rustov bələdiyyəsinin sədr müavini Aydın Kazımov kənddən heç kimin polisə çağırılmadığını bildirir: “Dəqiq bilirəm ki, belə bir şey olmayıb”.
Deputat V.Əhmədov isə bildirir ki, o, bu məsələ haqda kifayət qədər danışıb. Indi Qubada baş verənlər barədə isə məlumatı yoxdur. Xatırladaq ki, Vahid Əhmədov martın 1-də etirazçılardan dağılışmağı xahiş etmiş, bütün saxlananların buraxılacağını demişdi.
Milli Məclisin Insan hüquqları komitəsinin sədr müavini Yevda Abramov Qubada sakinlərin kütləvi şəkildə polisə çağırılıb dindirilməsində qeyri-adi heç nə görmür. Deyir ki, hazırda istintaq gedir. Insanlar istintaqa çağırılıb dindirilir və sonra da sərbəst buraxılırlar. Bütün məlumatlar da istintaq orqanlarındadır.
“Çıxış edən kənarda qalır, çıxışı yayan məsuliyyətə cəlb olunur”
Vəkil Fuad Ağayev isə heç kimin həbs edilməyəcəyi barədə vəd verildiyi halda həbslərin getdikcə artdığını bildirir. Onun qənaətincə, əslində, keçmiş icra başçısının məsuliyyət məsələsini həll etməli olan istintaq, icra başçısının qanunazidd fəaliyyətinin nəticəsi olan hadisələrdə iştirak edənlərin məsuliyyəti üzərində dayanıb. Vəkil hesab edir ki, Quba hadisələri ilə bağlı istintaq obyektiv aparılmır:
“Istintaqın obyektiv aparılmadığını jurnalistlərin həbsi də təsdiqləyir. Çox qəribə mənzərə yaranır. Qubalıların hiddətinə səbəb olan çıxışı edən qalır kənarda, o çıxışı yaymış hesab edilən jurnalistlər məsuliyyətə cəlb olunur. Əlbəttə ki, bu məsələdə həmin istintaq orqanının əməkdaşları, eləcə də prosessual rəhbərliyi həyata keçirən prokuror yaxşı düşünməlidir. Cinayət prosessual qanunvericiliyini bu cür yozmaq və bu şəkildə gerçəkləşdirmək əlbəttə ki, yolverilməzdir”.
F.Ağayev deyir ki, əslində icra başçısının vəzifədən kənarlaşdırılması onun həmin hadisələrdə günahkar olduğunu təsdiqləyən faktdır. Bundan sonra etiraz aksiyasında iştirak edənlərlə bağlı bu cür rəftar artıq başqa niyyətdən xəbər verir.