İP bütün narazıların aksiyaya qatılmasına çalışır

Fuad Qəhrəmanlı: «Meriyanın cavabından sonra Ictimai Palata veriləcək təklifləri yenidən gözdən keçirəcək»

Ictimai Palata (IP) Koordinasiya Şurasının son toplantısında 8 aprel mitinqini keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə iki yer üçün müraciət edəcəyi barədə qərar qəbul etdi. Bu məkanlar “Təbriz”, “Nərimanov” kinoteatrlarının qarşısıdır. Amma mətbuatdan o da bəllidir ki, IP Koordinasiya Şurasında aksiya ilə bağlı daha bir məkan – 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada aksiyanın keçirilə biləcəyi ilə bağlı fikir mübadiləsi olub. Qeyd edək ki, adını çəkdiymiz sonuncu ərazidə martın 17-də gənclər aksiya keçirmişdi. Amma IP KŞ-nin yekun qərarında aksiyanın keçirilə biləcəyi məkanlar kimi yalnız “Təbriz” və “Nərimanov” kinoteatrlarının qarşısı göstərilib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada aksiyanın keçirilə biləcəyi ilə bağlı müxtəlif fikirlər olsa da, bu, IP-in yekun qərarına çevrilmədi. Sadəcə olaraq bir variant kimi nəzərdən keçirilirdi. Müzkirələrin sonunda IP “Təbriz” və “Nərimanov” kinoteatrlarının qarşısında aksiyanın keçirilə biləcəyi ilə bağlı razılıq əldə etdi. Bu qərarın konsensusla qəbul olunduğunu vurğulayan F.Qəhrəmanlı bildirdi ki, IP-də qəbul olunan qərarla bağlı hər hansı fikir ayrılığı yoxdur və indiki mövqe təşkilatdakı bütün tərəflərin mövqeyini əks etdirir. F.Qəhrəmanlı eyni zamanda onu da diqqətə çatdırdı ki, bu, IP-nin razılaşdırılmış aksiya keçirmək mövqeyindən geri çəkilməsi demək deyil: “”Sərbəst Toplaşmaq Haqqında” qanunun tələblərinə uyğun olaraq göstərilən yerlərdə aksiyanın keçirilməsi istənilib. Biz bilirik ki, Azərbaycan hakimiyyəti “Sərbəst Toplaşmaq Haqqında” qanunun fəaliyyətini faktiki olaraq dayandırıb. Ona görə biz o mövqeyi açıq saxlayırıq ki, meriyanın cavabından, alternativ təkliflərindən sonra onları dəyərləndirməyə hazırıq. Yəni əvvəlcədən müəyyənləşdirilmiş belə bir mövqe yoxdur ki, yalnız razılaşdırılmamış aksiyalar olsun. Biz razılaşdırılmış akiyaların ona görə tərəfdarıyıq ki, razılaşdırılmamış aksiyalarda daha çox müxalifət fəalları və cəsarətli insanlar iştirak edir. Cəmiyyətin bütün təbəqələrinin bu aksiyalarda iştirak imkanı yoxdur”.
F.Qəhrəmanlının sözlərinə görə, bu üzdən cəmiyyətin bütün narazı kəsiminin bu aksiyalara cəlb olunması üçün prinsipial olaraq çalışırıq ki, razılaşdırılmış aksiyalar keçirilsin. Bakı Şəhər Icra Hakimiyyətindən veriləcək cavabdan sonra IP KŞ-nin təklifləri yenidən gözdən keçirəcəyini deyən F.Qəhrəmanlı bildirdi ki, IP razılaşdırılmış aksiyalar vasitəsilə daha kütləvi, izdihamlı və cəmiyyətin narazı təbəqəsini prosesə qoşmağa xidmət edən tendensiyanın əsasını qoysun.
IP üzvü, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy APA-ya açıqlamasında deyib ki, IP yalnız razılaşdırılmış aksiyalara getməlidir: “Bunu Ictimai Palatanın sessiyalarında da demişəm. Müxalifət narazıları meydana yığmaqdan ötrü yalnız icazəli mitinqə gedə bilər. Əks halda, ortada qorxu faktoru olur və insanlar aksiyalara gəlmir. Nəinki siyasi partiya üzvü olmayanlar, hətta olanların da hamısı gəlmir. Istədiyimiz yerlərdə mitinq keçirməyə icazə verilmir, ortada gərəksiz qarşıdurmalar yaranır. O baxımdan mən Ictimai Palatanın yalnız icazə verilən yerdə mitinq keçirməsinin tərəfdarıyam. Bu, heç də hakimiyyətin qarşısından qaçmaq demək deyil. Düşünürəm ki, biz 20-ci sahədə möhtəşəm mitinq keçirə, sonra da başqa meydanlara iddia edə bilərik. Əsas mitinqin harada keçirilməsi deyil, Azərbaycan və dünya ictimaiyyətinə sözünü çatdırmaqdır”.

Xəyal