Rusiya İslam Komitəsinin rəhbəri, azərbaycanlı politoloq, Heydər Camal Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Moskvadakı mənzilində axtarış aparılmasına və ona qarşı cinayət işi qaldırılmasına münasibət bildirib. Politoloq bildirib ki, cinayət işi və evində axtarış aparılması ona qarşı təxribatın bir hissəsidir. Heydər Camal FTX əməkdaşlarının onun evində ekstremist ədəbiyyat axtardıqlarını söyləyib.
O, müstəntiqlərdən cinayət işinin məzmunu və mənzillərin axtarışının səbəbləri barədə məlumat ala bilmədiyini də bildirib. Heydər Camala işin təfsilatlarını açmamaq öhdəliyi barədə sənədə qol çəkməyi də təklif ediblər, amma nəyi gizli saxlamaq barədə dəqiq məlumat vermədiklərinə görə sənədə qol çəkməkdən imtina edib.
Xatırladaq ki, Heydər Camal Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddəsinin əleyinə çıxışı ilə yadda qalıb. O, 2011-ci il dekabrın 29-da Moskvada baş tutan mitinqdə bu maddə ilə həbsdə yatan minlərlə siyasi məhbusun siyasi düşüncələrindən asılı olmayaraq azadlığa buraxılmalarının vacibliyini deyirdi.
azadliq.info