Bəşər Əsədi “sındırdılar”

Suriya diktatorunun ən önəmli generalı öldürüldü

Livan Əsəd rejiminə müharibə elan edə bilər

Suriyada gərginlik davam edir. Srağagün Dəməşq beynəlxalq hava limanında Suriya Hərbi-hava qüvvələri kəşfiyyatının şefi general Əyyad Mando qətlə yetirilib. Bu barədə Suriya müxalifəti məlumat yayıb.
Hərbi-hava qüvvələri kəşfiyyatı ölkənin xüsusi xidmət orqanları arasında ən güclülərindən sayılır. Bu arada Bəşər Əsədin Homs şəhərinin Baba-Əmr rayonuna baş çəkdiyi barədə xəbərlər yayılıb.
Bundan başqa, Bəşər Əsədin əmrindəki əsgərlər Livan sərhədini keçiblər. Hökumət qüvvələri üsyançılarla döyüşərkən bir neçə təsərrüfat binasını dağıdıblar. “Əl Ərəbiyyə” agentliyinin xəbərinə görə, ordu birləşmələri bir neçə yüz metr Livan ərazisinin içərisinə doğru irəliləyib.
Beyrutdakı mənbələr sərhəd xətti olmayan ərazilərdə toqquşmaların olduğunu bildirir, amma Suriya qoşunlarının Livana daxil olduğunu təsdiq etmir. Yerli sakinlər deyir ki, əsgərlər buldozerin köməyi ilə bir evi uçurublar.  
Ölkədə bir ildən artıqdır davam edən antihökumət etirazlarına zorakılıqla cavab verən Bəşər Əsəd nəhayət, beynəlxalq təzyiqlər qarşısında geri çəkilməli oldu. O, Suriyada yaşanan böhranın aradan qaldırılması məqsədiylə BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri, BMT-nin keçmiş baş katibi Kofi Annanın 6 bənddən ibarət planını qəbul edib. Bəşər Əsəd yazılı məktubla həll planını qəbul etdiyini bildirib. Sülh planı yaralıların köçürülməsini və humanitar yardımların çatıdırılması üçün Suriya qüvvələrinin gündə iki saat atəşkəs rejimi tətbiq etməsini və siyasi həll üçün hərtərəfli görüşlərin təşkil edilməsini nəzərdə tutur.

İnformasiya şöbəsi