«Yeni çəkilmiş yolun təmirə dayanması korrupsiyadan xəbər verir»
“Milyardları sağa-sola xərcləyib yenidən təmirə başlamaq dövlət büdcəsinin talanmasıdır”
Ötən sayımızda Nəqliyyat naziri Ziya Məmmədovun 30 il müddətinə zəmanət verdiyi 200 milyonluq Zığ-aeroport beton yolunun dağıldığı və artıq ərazidə əsaslı təmir işlərinə başlanıldığı barədə məlumat vermişdik. Xatırladaq 29,5 metr eni olan beton yol 9 may 2008-ci ildə istismara verilib. Yolun tikintisi 10 noyabr 2007-ci ildə prezident Ilham Əliyevin tapşırığı ilə başlanılıb. Yol yarım il ərzində və rekord məbləğə – 200 milyon manata tikilib. Sifarişçi qismində Nəqliyyat Nazirliyi çıxış edib, işləri isə “Akkord” şirkətlər qrupu Almaniyanın “SP Papenburq Baugesselschaft mbH” şirkətinin iştirakı ilə həyata keçirib.
Bu yolun hər kilometri 11 mln. manata başa gəlib və onu beynəlxalq I-B standartlarına uyğun yol kimi təqdim ediblər.
Nəqliyyat naziri Ziya Məmmədov açılış mərasimində prezidentə 30 il zəmanəti olan yolun yüksək keyfiyyət səviyyəsində tikildiyini və strateji əhəmiyyət daşıdığını məruzə edib.
Nazir bildirib ki, layihənin bahalı olmasına baxmayaraq, beton yolun saxlanması asfalt yoldan daha ucuz olacaq və yalnız 5 ildə bir dəfə yolun istilik qovşaqlarında rezin dəyişdiriləcək. Nazir yolun saxlanmasına 30 il ərzində 180 mln. dollar qənaət olunacağını iddia edirdi.
Göründüyü kimi, beynəlxalq standartlara cavab verdiyi iddia edilən yolun ömrü elan olunduğundan çox qısa oldu.
Iqtisadçı Zöhrab Ismayıl hesab edir ki, bu məsələdə məsuliyyət Nəqliyyat Nazirliyi, “Azəryolservis”, həmçinin də podratçı şirkət olan “Akkord”un üzərinə düşür: “Həm Quba yolu, həm bu yol özünü doğrultmadı və qısa müddətdə təmirə ehtiyac yarandı. Problem ondadır ki, bu yollar beton olduğuna görə onları təmir etmək çox çətindir. Məsələn, Quba yolunu ”Akkord” asfaltla təmir edib. Beton yola asfaltdan yamaq vurulursa, o tez bir zamanda sıradan çıxır. Zığ-aeroport yolunun da eyni qaydada təmir edilib-edilməyəcəyini hələ ki bilmirik. Bu problemin yaranmasında podratçı şirkət olan “Akkord” məsuliyyət daşıyır. Yolun keyfiyyətli çəkilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı. Bu yola yenidən əlavə pul ayrılacaqsa, bu o deməkdir ki, iş keyfiyyətsiz görülüb və bunun üçün pul silinir. Istənilən halda təzə çəkilmiş yol 2-3 ildən sonra təmirə bağlanırsa, bu, korrupsiyadan xəbər verir. Nəzərdə tutulan vəsaitlər mənimsənilib deyə ortaya bu cür keyfiyyətsiz iş çıxıb. Baxmayaraq ki, bu layihələrə böyük pullar ayrılmışdı. Xüsusən də, beton yolun bir kilometrinə bir neçə milyon ayrılıb. Bu məsələdə Nəqliyyat Nazirliyi və “Azəryolservis” məsuliyyət daşıyır. Çünki sifarişçilər məhz onlardır. Bu layihələrdə “Akkord” şirkəti tendersiz ortaya çıxıb. Yəni heç bir tender keçirilmədən bu şirkət “sol yollarla” bu layihələrin podratçısı olub”.
Z.Ismayılın fikrincə, baş verənləri yalnız cinayət kimi qiymətləndirmək olar: “Bu cinayətə yol verənlər öz cəzalarını almalıdırlar. Bu əməlin cavabı olmalıdır. Yoxsa milyardları sağa-sola xərcləyib sonra yenidən təmir etmək dövlət büdcəsinin talanmasıdır”.