Sürücülər mitinqə ciddi hazırlaşır

«Sona qədər gedəcəyik, geri çəkilmək fikrimiz yoxdur. Ziya Məmmədov bizim gücümüzü görməyincə istədiyini edəcək»

Nəqliyyat Nazirliyinin lisenziyasız və sovet istehsalı olan taksilərin yığışdırılması ilə bağlı başladığı proses davam edir. Artıq sürücüləri nazirliyin müfəttişləri saxlayaraq cərimələyir. Bəzən onların sənədləri əlindən alınır və qaytarılmır. Aidiyyəti qurumlara müraciət edənlər sonda heç bir nəticəyə nail ola bilmirlər. Bütün bunları gözdən keçirən sürücülər aprelin 1-də aksiya keçirməyi planlaşdırırlar.
Ilkin məlumatlara görə, budəfəki aksiya da izdihamlı olmasıyla əvvəlkilərdən geri qalmayacaq. Yüzlərlə sürücünün yenidən nazirliyin önünə toplaşacağı gözlənilir. Etirazların əsas qayəsi köhnə taksilərin fəaliyyətinə qoyulan məhdudiyyətdi. Paytaxta bönövşəyi rəngdən başqa ağ rəngli taksilərin də gətirilməsinə rəsmən start verilib. Nazirlik sürücülərə yalnız bu rəngdə maşınların istifadəsinə icazə verir. Sürücülər nazirliyin maşınlarını sürə bilmədiklərini dilə gətirirlər və buna görə də etiraz aksiyası keçirməyi planlaşdırılar. “Azadlıq”a danışan sürücülər hələlik aksiyanın hardan başlayacağını bilmirlər: “Bu barədə son qərara gəlməmişik. Ola bilsin Azneft meydanına toplaşıb, oradan birlikdə Nəqliyyat Nazirliyinin önünə hərəkət edək. Ikinci ünvan kimi dəmiryol vağzalı da ola bilər. ”Eurovision”a görə bizi məhv etmək istəyirlər. Xaricdən qonaq gəlirsə-gəlsin biz kiməsə maneəçilik törətmək istəmirik. Ancaq onlar da bizə problem yaşatmasınlar. Gəlsinlər bizim avtomobillərimizə baxış keçirsinlər, görsünlər onların gətirdiyi “kitayski” avtomobillər yaxşıdır, yoxsa bizim sürüdüklərimiz? Hansı daha çox havaya zəhər verir?”.
“Biz Nəqliyyat Nazirliyinin maşınlarını sürərik, ancaq bir şərtlə, onu bizə sərfəli şəkildə versinlər. Günə 50 manatlıq ”tas” tətbiq etməsinlər. Hər gün işləyib 50 manat vermək mümkün deyil. Olsa belə bu, aya 1500 manat edir. Bunun müqabilində bizə 300 manat maaş verirlər. Indi 300 manatla ailə saxlamaq olar?”, – deyir sürücülər.
Əfqan Hüseynov deyir ki, 1 aprel aksiyasına ciddi hazırlıq gedir: “Fikrimiz hökuməti fikrindən daşındırmaqdı. Bizim başqa planımız yoxdu. Haqqımızı tələb edirik. Bu gün Bakıda minlərlə sürücü var. Hərəsi 4-5 nəfərlik ailə saxlayır. Eləsi var ki, 2-3 ailəni dolandırır. Bu qədər problemin içində olan adamı da çörəyindən edərlər. Imkan versinlər işləyək də”.
Namiq Fərəcovun sözlərinə görə, aksiya izdihamlı olacaq: “Bütün sürücülərə xəbər göndərmişik. Sona qədər gedəcəyik, geri çəkilmək fikrimiz yoxdur. Ziya Məmmədov bizim gücümüzü görməyincə istədiyini edəcək”.

Ramin DEKO