Meriyaya əlavə səlahiyyətlər verilməsinin pərdəarxası məqamları
Bakı meriyasına əlavə səlahiyyətlərin verilməsinin sirri bəlli olub. Oxucuların diqqətinə çatdıraq ki, paytaxt yollarının təmiri, şəhərdə abadlıq-qurucuql işlərinin əhəmiyyətli hissəsi Bakı meriyasından alınmışdı. Lakin son dövrlər bunlarla yanaşı məktəb tikintisi, neft şirkətinin balansındakı bağçalar meriyaya verilib. Bununla da meriyanın səlahiyyətləri faktiki artırılıb.
Əldə etdiyimiz məlumatlara görə, bu heç də Bakı meri Hacıbala Abutalıbova xoş münasibətdən irəli gəlmir. Məsələ burasındadır ki, hakimiyyət nəhayət, beynəlxalq strukturların tələb etdiyi mer seçkilərini keçirmək niyyətindədir. Paşayevlər isə bu seçkilərdən öz namizədlərini qalib etmək niyyətindədirlər. Bu baxımdan da indidən meriyanın səlahiyyətləri artırılır.
Qeyd edək ki, mer postu uğrunda uzun müddətdir ki, hakimiyyət daxilində mübarizə gedir. Bu mübarizədə Paşayevlər, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədovun adı hallanır. Paşayevlərin namizədi bəlli deyil. Kəmaləddin Heydərovla Ziya Məmmədova gəlincə, birinci Qaradağın icra başçısı Süleyman Mikayılovu, ikinci isə Nəsiminin icra başçısı Nəsib Məhməliyevi mer təyin etdirməyə çalışır.