İP Bakı meriyasına müraciət etdi

İctimai Palata (İP) aprelin 8-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, müraciətdə “Təbriz” və “Nərimanov” kinoteatrlarından birinin qarşısı saat 16.00-dan 18.00-a qədər müddətdə mitinq keçirilməsi üçün istənilib. Mitinqdə “Qarabağa azadlıq!”, “Yeni parlament seçkiləri keçirilsin!”, “Korrupsiyaya və rüşvətə yox!”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriləcək.
G.Aslanlı qeyd edib ki, paytaxt meriyası mitinqin keçirilməsi üçün alternativ yer təklif edərsə, müzakirə oluna bilər.

***

Mitinqin ünvanları dəqiqləşdirildi

İctimai Palata meriyaya iki ünvanla müraciət edəcək

İctimai Palatanın Koordinasiya Şurasının 26 mart iclasında da 8 aprel mitinqinə hazırlıqla bağlı müzakirələr aparılıb.  Şura üzvü Pənah Hüseynin sədrliyi ilə keçən iclasda mitinqin ünvanı və şüarları dəqiqləşdirilib: “Saat 15-dən 17-dək keçirilməsi nəzərdə tutulan mitinqə ünvan kimi “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısındakı meydanı, 20-ci sahədəki sürücülük məktəbinin stadionunu nəzərdə tutmuşduq. Lakin bu iclasda qərara gəldik ki, yalnız ilk iki ünvan göstərilsin. Sürücülük məktəbinin stadionunu müraciətə daxil edilməsin. Ötən iclasda mitinqin “Yeni parlament seçkiləri keçirilsin!”, “Korrupsiya və rüşvətxorluğa son qoyulsun!”, “Vicdan məhbuslarına azadlıq!”, “Əhalinin sovet dövründən banklarda qalmış əmanətləri qaytarılsın!”, “Mülkiyyəti əlindən alınmış insanlara mülkiyyətin həqiqi dəyəri ödənilsin!” və “Oliqarx məmurlara istefa!” şüarları ilə keçirilməsi qərara alınmışdı. Bu dəfə isə belə qərara gəldik ki, digər şüarlar qüvvədə saxlanılmaqla, “Oliqarx məmurlara istefa” şüarı “Hakimiyyətə istefa!” şüarı ilə əvəz olunsun”.
P.Hüseyn mitinqlə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağını, martın 28-də isə Koordinasiya Şurasının yenidən toplanacağını bildirib: “Hövbəti iclasda qətnamənin layihəsi, mitinq komitəsinin yaradılması, aksiya ərəfəsində mitinqlə bağlı müşavirənin keçirilməsi və bu kimi başqa məsələlər də müzakirə olunacaq”.

Gültəkin