Icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərinə qarşı etirazların genişlənəcəyi gözlənilir
Masallı Ziyalılar Birliyi bu gündən etibarən ölüm aclığına başlayır. Xatırladaq ki, aksiya martın 22-nə təyin edilmişdi. Lakin sonradan aksiyanın daha genişmiqyaslı və effektli keçirilməsi üçün martın 27-nə təxirə salınıb.
Bu barədə qəzetimizə birliyin sədri Məmmədağa Eynullayev məlumat verib. O, qeyd edib ki, Masallı ziyalıları rayonun icra başçısı Qəzənfər Ağayevin zülmündən cana doyanlar çıxış yolunu ölüm aclığında görür: “Biz aksiyanın səmərəli və daha irimiqyaslı olmasının tərəfdarıyıq. Indi bizə daha çox qoşulanlar olacaq. Aksiya hər evdə keçiriləcək. Əminəm ki, bizə xeyli insanlar qoşulacaq”.
Məmmədağa Eynullayev əlavə edib ki, aksiya iştirakçılarına təzyiqlər hələ də davam edir: “Təklə kənd ərazi nümayəndəsi Iqamət fəallardan biri olan Asif Əliyevə təzyiq göstərir, onu mübarizədən çəkindirməyə çalışır. Icra başçısı Qəzənfər Ağayevin göstərişi əsasında Musaküçə körpüsü yaxınlığında Hacı Ərəstuna məxsus çayxananı bağlamağa cəhd olunub. Obyekt sahibinə deyilib ki, ya ziyalıları çayxanaya buraxmırsan, ya da bura bağlanacaq. Çayxana bir neçə gündür bağlanıb. Ancaq bu cür üsullar, təzyiq vasitələri bizi yolumuzdan döndərə bilməz. Mübarizəmizi aparacağıq və tələbimiz icra başçının əməllərinin araşdırmaq, özəlləşdirdiyi obyektləri yoxlamaq və ölkə rəhbərliyinin ondan ölçü götürməsidir. Əgər Masallıda Quba hadisələrinin təkrarlanmasını istəmirlərsə, təcili tədbirlər görülsün. Martın 27-də keçiriləcək aksiyaya təkcə rayon ziyalıları deyil, icra başçısından narazı olanlar qatılacaq”.


