Əmanətçilərin sayı birdən-birə necə 500 min nəfər artdı?
Qubad Ibadoğlu: “Əmanətlərin qaytarılması prosesindən korrupsiya iyi gəlir”
Ölkə başçısının vətəndaşların keçmiş Əmanət Bankında qalan əmanətlərininin birdəfəlik ödənməsi barədə fərmanından sonra əmanətçilərin sayı ilə bağlı ortaya bəzi sullar çıxdı. Baxmayaraq ki, fərmanda onların sayının 1 milyon 986 min 104 nəfər olduğu deyilirdi. Bu rəqəm əvvəllər də rəsmilərin dilindən səsləndirilib. Dəfələrlə parlamentin spikeri Oqtay Əsədov, parlamentin iqtisadçı deputatları əmanətçilərin sayının məhz bu qədər olduğunu deyib. Bu vaxta qədər ən böyük rəqəmi Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dilə gətirmişdi. Deputat 2.2 mln. əmanətçi saymışdı.
Lakin prezidentin fərmanından sonra maliyyə naziri Samir Şərifov əvvəl əmanətçilərin sayının təxminən iki milyon olduğunu deyib, daha sonra isə nazirlik 2 400 000 nəfərin adına əmanət hesablarının olduğunu açıqlayıb. Bu rəqəm necə artdı? Onu da qeyd edək ki, hökumət rəsmiləri əmanətlərin qaytarılması üçün 1 milyard manatın lazım olduğunu deyib. Şübhəsiz ki, nə ölkə başçısı, nə də digər rəsmi şəxslər bu məsələdə təxmini rəqəm açıqlaya bilməzdi. Lakin dövlət başçısından sonra maliyyə nazirinin əmanətçilərin sayını təxminən yarım milyon nəfər artıq göstərməsi nəyə xidmət edir? Burda bir diqqət çəkən məqamı da qeyd etmək yerinə düşər. Rəsmi məlumatlara görə, Azərbaycan müstəqilliyini əldə edənə qədər ölkədə 580 min qeyri-azərbaycanlı yaşayıb. Qeyri-rəsmi məlumata görə, bu rəqəm 800 min olub. Azərbaycan hökumətinin qaytarmağı nəzərdə tutduğu məbləğə görə bu adamların Azərbaycana üz tutması real görsənmir. Həm də ona görə ki, əmanətlərin yalnız Azərbaycan vətəndaşlığı olanlara qaytarılacağı bildirilib. Bu səbəbdən həmin adamları əmanətçilərin sayından çıxmaq lazımdır. Əgər prezident və spikerə istinadən əmanətçilərin sayına əsaslansaq, bu halda əmanətlərini geri istəyəcək insanların sayı 1 mln 200 min nəfəri ötmür. Maliyyə nazirinin açıqladığı son rəqəm isə bundan düz iki dəfə çoxdur.
Əmanətlərin sovet banklarına 1992-ci ilin yanvarın 1-nə qədər qoyulduğunu nəzərə alanda da ortaya maraqlı məqam çıxır. Belə ki, həmin vaxt rəsmi statistikaya əsasən, Azərbaycan əhalisi 7 milyondan çox olmayıb. Bu da orta hesabla təxminən 1 mln 750 min ailə deməkdir. Maliyyə nazirinə inansaq, həmin dövrdə hər ailəyə birdən artıq bank hesabı düşüb. Bir reallığı da nəzərə almaq lazımdır. Sovet hakimiyyəti dövründə kiçik qismi çıxmaq şərti ilə əhalidə nağd pul vəsaitləri o qədər də çox olmurdu. Bu mənada bütün ailələrin banklarda hesablarının olması real görsənmir.
Hökumət rəsmilərinin Azərbaycandan köçüb gedən qeyri-azərbaycanlıların sayını açıqlamaması, həmçinin əmanətlərin qaytarılması prosesinə ictimai nəzarət mexanizmlərinin nəzərdə tutulmaması şübhəli məqamlardan xəbər verir. Görünür, bu proses də korrupsiyasz ötüşməyəcək. Hökumətin əmanətlərin qaytarılmasını uzun müddət götür-qoy etməsi də öz maraqlarına xidmət edib. Maliyyə nazirinin açıqladığı rəqəmlər bunu deməyə əsas verir. Həmçinin ekspertlər də ortada korrupsiya hallarının olacağını deyir.
Əmanətlərin qaytarılması üçün 500 mln manatın tələb olunduğunu deyən iqtisadçı-ekspert Qubad Ibadoğlunun sözlərinə görə, hökumətin bu məqsədlə 1 mlrd manat xərcləyəcəyini bəyan etməsi prosesdə korrupsiyadan xəbər verir: “1 mlrd manatın xərclənəcəyi bəyan olunanda mən artıq o qənaətə gəldim ki, əmanətlərin qaytarılması prosesindən də korrupsiya iyi gəlir. Bunun ardınca əmanətçilərin sayının əvvəlki ilə müqayisədə artırılması gözləntilərimizi doğruldur. Artıq bu prosesi müşahidə edirik”.
Ekspertin fikrincə, prosesə ictimai nəzarətin olması vacibdir. Çünki büdcə vəsaitlərinin xərclənməsində ictimai nəzarət olmadıqda, korrupsiya, rüşvətdən danışmaq üçün əsaslar yarana bilər.
Fizzə


