Əliyev qalmaqallı MTN-çiyə general rütbəsi verdi

Eynulla Fətullayev: “Şəxsən mənim üçün bu kədərli xəbərdir”

İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin üç əməkdaşı general rütbəsi alıb. Onlar arasında 2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətli ilə bağlı adı hallanan məşhur Akif Çovdarov da var. Belə ki, keçmiş siyasi məhbus Eynulla Fətullayev Çovdarovun MTN istintaq təcridxanasında ona baş çəkdiyini və vaxtilə Elmar Hüseynova etdiklərini ona da edəcəkləri ilə hədələyib. Lakin sonradan MTN bu ittihamları böhtan adlandırıb.
Bu keçmiş DYP əməkdaşının adı “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin işində də hallanırdı. Jurnalist Zeytun Bağında ərazinin şəxsi ev tikilməsi üçün qanunsuz ələ keçirilməsi faktının fotoşəkillərini çəkərkən Çovdarov tərəfindən döyülmüşdü. Qeyd edək ki, hazırda Çovdarov energetika və nəqliyyat sahəsində təhlükəsizlik idarəsinə rəhbərlik edir. Ondan başqa, maddi-texniki təchizat idarəsinin rəisi Nizaməddin Həmidov və monitorinq mərkəzinin rəisi Teymur Quliyev general olub(“Turan”).
Eynulla Fətullayev “Azadlıq”a açıqlamasında A.Çovdarovun general rütbəsi almasına münasibət bildirib. Xəbərə inanmaq istəmədiyini deyən E.Fətullayev hesab edir ki, bunu ən azı, Aqil Xəlil olayına görə etmək olmazdı: “Aqil Xəlil olayı və başqa hadisələr bizim gözümüzün qarşısında baş verib. Bütun bunlardan sonra bu xəbər məni olduqca kədərləndirdi. Şəxsən mənim üçün bu kədərli xəbərdir”.

İnformasiya şöbəsi