Hüquq müdafiəçisi Fərhad Əliyevlə görüşüb

Eynulla Fətullayev: “Uzun və səmimi söhbətimiz oldu”

Hüquq müdafiəçisi Eynulla Fətullayev 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüb. E.Fətullayevin sözlərinə görə, F.Əliyevin səhhətindən və saxlanma şəraitindən şikayəti olmayıb: “Fərhad Əliyevlə uzun, maraqlı və səmimi söhbətimiz oldu. Birinci dəfə idi ki, Fərhad Əliyevlə görüşmək imkanı yaranmışdı. Bir-birimizi qiyabi tanıyırdıq. Hətta mən onu dəfələrlə tənqid də etmişdim. Özü də bildirdi ki, tənqidə həmişə dözümlü olub. Baxmayaraq ki, onu tənqid etmişəm, başa düşüb ki, bu, konstruktiv tənqiddir. Amma hər halda mən bu dəfə onunla jurnalist kimi yox, hüquq müdafiəçisi kimi görüşürdüm. Məni ən çox narahat edən məsələ Fərhad Əliyevlə bağlı Avropa Məhkəməsinin qərarının icra vəziyyətidir. O da yaranmış vəziyyətdən çox narahatdır. Hesab edir ki, o nə dövlət çevrilişi edib, nə də hökumətə hər hansı formada qarşı çıxıb. Onun həbsi və mühakiməsi ədalətsizdir. Fərhad Əliyev hesab edir ki, onun cəmiyyətdə tutduğu mövqe, keçdiyi həyat yolu bugünkü durumuna adekvat deyil”.  
E.Fətullayev 2 saylı kalonda monitorinq apardıqlarını da deyir: “Monitorinq Almaniya Xarici İşlər Nazirliyinin müvafiq layihəsi çərçivəsində aparıldı. Məhkumlarla görüşdük, onların istifadəsində olan bütün obyektlərə baxış keçirdik. Əlbəttə, cəzaçəkmə müəssisəsində problemlər var. Ədliyyə Nazirliyinin rəhbərliyinə təqdim edəcəyimiz hesabatda bu problemlərin hamısı öz əksini tapacaq. Bu barədə rəislə də müzakirə apardıq. Rəis də hesab edir ki, problemlər həqiqətən var. Bildirdi ki, kalona 5-6 ay əvvəl təyin olunub və çalışacaq ki, yaxın vaxtlarda problemlər aradan qalxsın. Rəis bizi bəzi təmir işləri və yeniliklərlə də tanış etdi. Amma yenə də rəisdən israrla xahiş etdik ki, müəssisənin problemləri tezliklə həllini tapsın”.

Gültəkin