Gəncəlilər Elmar Vəliyevə etimadsızlıqla bağlı imzatoplama kampaniyasına başlayıblar;
Masallı ziyalıları Qəzənfər Ağayevin zülmünə etiraz olaraq aclıq aksiyasını davam etdirirlər;
Qaradağlılar “mafiya babası” saydıqları Süleyman Mikayılovun təhqir və söyüşlərindən artıq cana doyublar;
Salyanlılar Tahir Kərimovun qanunsuzluqlarından boğaza yığılıblar…
Bölgələrdə bir Quba kabusu dolaşır: rayonların əksəriyyətində insanlar söyüş, təhqir altındadır və artıq belə yaşaya bilmirlər, belə yaşamaq istəmirlər.
Ölkə əhalisinin tam yarısının cəmləşdiyi Bakıda vəziyyət rayonlardan daha betərdir: özəl mülkü əlindən alınıb küçələrə salınanların sayı 60 mini keçir – hakimiyyət isə daha şiddətlə evyıxma əməliyyatı aparır; “London taksiləri”ni işə salmaq üçün əlindən son tikəsi alınan taksi sürücülərinin sayı 15 mini aşır – hakimiyyət isə taksilərin növbəti partiyasını gətirir; iş adamlarının sıradan çıxarılması, amansız inhisarlaşma ilə işsizlik problemi artır; hakimiyyətdaxili oliqarx mübarizələri yüz milyonlara başa gələn zavod-fabriklərin işləməsinə əngəl yaradır və iş yerlərinin qapadılması üzrə növbəti proses gedir…
Elmar Vəliyevi Gəncəyə, Qəzənfər Ağayevi Masallıya, Süleyman Mikayılovu Qaradağa… icra başçısı təyin edən şəxs vallah, billah, mən deyiləm: Elmar Vəliyevin Gəncədən əvvəl Yevlaxda, Süleyman Mikayılovun Qaradağdan əvvəl Lənkəranda, Qəzənfər Ağayevin Masallıdan əvvəl Yardımlıda nələr etdiyini Ilham Əliyev bilmirdimi?
Minlərlə insanın özəl mülkünün əlindən alınması prosesinə start verən “Qış bulvarı”nı “Bakının gözəlləşməsi” adıyla cəmiyyətə təqdim edən kimdir? Bu layihəni kim təsdiq edib və ordakı “tikinti işlərinə” vaxtaşırı kim nəzarət edir?
Illərdir sahibkarların türmələrə soxulması və mal-mülkünün əlindən alınması əməliyyatına kim rəhbərlik edir? Həmin sahibkarlara məxsus əmlaklar hansı şirkətlərin inhisarına keçib?
Dövlət Neft Şirkətinin balansında olan xəstəxana və bağçaları, yaşayış binalarını alan və neftçiləri evlə təminat, pulsuz müalicə və s. məhrum edən sərəncamı kim imzalayıb?
Çində yığılan və dəyəri 6 mindən çox olmayan “London taksi”lərini, Ziya Məmmədovun sözləri ilə desək, “rənginə qədər” bəyənən və hər birinə büdcədən 27 min manat pul ayıran kimdir?
Əlbəttə ki, Ilham Əliyev! 300 min dollara başa gələsi yol tikintisinə 5 milyon manat, mənasız olduğu qədər də təhlükəli layihə sayılan Oğuz-Bakı su kəmərinə 800 milyon, biabırçı və heç bir iqtisadi əsaslandırma aparılmayan Qusardakı turizm obyektinə 4 milyard ayıran möhtərəmdir!
Bu möhtərəm 30 illik qarantı olan yolun və körpünün 2 ilə darma-dağın olmasına, çörəksiz qoyulan taksi sürücülərinin etirazlarına, mülk davası açan insanların saysız-hesabsız məhkəmə çəkişmələrinə… dözür! Niyə dözməlidir? Hansı amil hörmətlini məcbur edir ki, bu qədər narazılıq yaradan məmur özbaşınalığına, rüşvətə, korrupsiyaya dözsün?
Çünki nazirlər, dövlət məmurları ondan iznsiz heç bir addım atmırlar!
Buna görə də nə qədər ki, etirazlar Ziya Məmmədova, Rövnəq Abdullayevə, ay nə bilim, Elmar Vəliyevə… ediləcək, nəticə olmayacaq: etiraz edilənlər yenə də kürsülərində qalacaqlar, etirazçılar isə qubalılar kimi, bir-bir türməyə doldurulacaqlar.
Etirazın hədəfi düzgün seçilməlidir!
Isa Sadıqovdan bir xahiş
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsilə yerlibazlığın, rüşvətxorluğun pik həddə qalxması, təhsilin keçmiş SSRI respublikaları arasında ən bərbad səviyyəyə düşməsi, elm xadimlərinin siyasi iradəyə tabe etdirilməsi, “pripiskalar” və daha nələr-nələrlə bağlı həqiqətləri mən də yazmışam: Bu kitaba görə o illərdəki xatirələrini danışan insan əvvəlcə türməyə, sonra o dünyaya getdi, mən işdən qovuldum, məhkəmələrə çəkildim, kitabın müsadirə olunması və yandırılması qərarı icra edildi. Hətta kitabın dərc olunduğu mətbəə “vergi yoxlaması” ilə yüz minlərlə manat cərimələndi, nəşriyyatlara rəsmi senzura tətbiqi başlandı…
Amma Əliyevlərin ən dəhşətli allahsızlığı belə, qarşı tərəfin xırda ədalətsizliyinə bəhanə ola bilməz. Heydər Əliyevin SSRI rəhbərliyinə layiq olmaması səbəbindən “vitse-premyerlik”dən və “Politbüro”dan uzaqlaşdırıldığını demək, Heydər Əliyevi Şevardnadze və Dəmirçiyandan daha aşağı siyasətçi kimi dəyərləndirmək… haqlı mübarizənizə kölgə salmaqdır.
Cənab polkovnik, bu cür əsəbi reaksiyalarla memuarınıza xələl gətirməyinizi istəməzdim…

Hədəf düzgün seçilməyəndə…
•