«Meqainkişaf» haqqında «meqagopologiya»nın anatomiyası…
Ölkəmizdə qəribə bir adət var – məmurların, deputatların, nazirlərin tez-tez rəsmi qəzetlərdə məqalələri çıxır. Imza yerində məmur adı olsa da, hamı bilir ki, onları hansısa jurnalist yazır. Bu, bizdə çox adiləşmiş hala dönüb. Deyilənə görə, Misir Mərdanovun, Ramiz Mehdiyevin kitablarını belə, başqaları yazır. Olsun, onsuz da o kitablar kimin yazmasından asılı olmayaraq, müəlliflərin adlarına görə oxucu sarıdan əbədi yetimdilər.
Bu mövzuya baş vurmağım deputat Rüstəm Xəlilovun bir müsahibəsilə bağlıdır. Adım kimi əminəm ki, rəsmi nəşrdə dərc olunan bu müsahibənin Rüstəm müəllimə heç bir aidiyyəti yoxdur. Müsahibəni tam oxusanız və onu Rüstəm müəllimin intellektual bazası, danışıq tərzilə tutuşdursanız, gülməkdən keçinərsiniz…
Bu yoldaşın adından hansısa həmkarımız müsahibə quraşdırıb, amma bununla R.Xəlilova elə bir zərbə vurub ki, mat qalmışam.
Müsahibədən bir neçə seçmə ilə tanış olaq:
“… Müasir Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, indistriual cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir”;
“… Respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır”;
“.. I.Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyllərlə irəliləməsinin əsas konseptlərini təşkil edib”;
“… Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.
Mən nümunələri artıra bilərəm, ancaq bu qədər də bəs edər. Rüstəm müəllimin adından bu müsahibəni yazan müxbirin əllərindən öpürəm. Bunu heç kim bacarmazdı. Adam deputatala rəsmən “mırt” tutub.
Dostlar, Rüstəm müəllim hətta bu müsahibənin dərcindən sonra “indistriual cəmiyyət”, “innovativ iqtisadiyyat”, “kreativ quruculuq” ifadələrinin izahını bilirsə, onda mənim dünyadan xəbərim yoxdur. Müxbir o fikirləri hamının bildiyi, oxucu kütləsinin dərk edə biləcəyi tərzdə də yaza bilərdi. Əminəm ki, qəsdən yazmayıb. Bu yolla o, saxta mandatlı deputatı komediya qəhrəmanı edib.
Rüstəm müəllimin dilindən “innovasiya”, “kreativ” kimi sözlərin çıxması mümkün deyil. Onun 6 illik parlament çıxışlarının stenoqramını bir-bir gözdən keçirdim. Bu sözlərin heç biri işlənməyib. Sual yaranır: hörmətli deputat, olmaya terminlər ancaq müsahibə verəndə yadınıza düşür? Niyə belə hesab edirsiniz ki, oxucuyla terminlərlə danışmaq lazımdır, amma deputatlarla el dilində?
Savadsızlıq pis şeydir, axı Rüstəm müəllim deyə bilməzdi innovasiya nədir. Müxbir ona gülərdi. Ona görə Rüstəm müəllim də iki yoldan daha təhlükəsizini seçib – deyib ki, qəzetdə getsin, onsuz da onu oxuyub gülənləri görməyəcək.
Terminləri bir kənara qoyub, gələk o müsahibənin mahiyyətinə…
Deputatın iddiasına görə, Azərbaycan meqainkişaf erasına daxil olub. Bunca məsuliyyətsiz ifadə seçimi olmaz ki, onu Rüstəm müəllim edir.
Dinləyin, arxadaşlar. Bu insanın ata yurdu, qohum-əqrəbasının yaşadığı kəndin yolu it günündədir. Ölkəmiz neft-qaz və mazut ölkəsidir, özü də meqainkişaf dövrü yaşayır, amma deputatın kəndinə gedən və kəndindəki yollar it günündədir. Bu necə olur?
Deputatın qardaşı öz kəndlərində 20 ilə yaxındır məktəb direktorudur. Dövlətin rəsmi statistikasına (mənbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytı) görə həmin kənddən illərdir bir nəfər də olsun, ali məktəbə daxil olan yoxdur. Təkrar edirəm, bir nəfər də. Budurmu meqainkişaf?
Meqainkişaf bəs hardadır, bəlkə səhiyyədə? Hmm, deputatın təmsil etdiyi rayon vərəm, ana-uşaq ölümünə görə öncüllərdəndir. Özü də bunu hansısa müxalifət lideri iddia etmir, onun öz iştirakı ilə keçirilən müşavirədə icra başçısı deyir.
Yol yox, təhsil yox, səhiyyə yox, amma meqainkişaf var.
Ölkədəki sosial-siyasi fəlakətlər o dərəcədə ağırdır, onu bəzəkli, təmtəraqlı meqaifadələrlə pərdələmək olmur. Ümidvaram, növbəti müsahibələrində Rüstəm müəllim bu məqamları nəzərə alacaq. Almazsa da, canı sağ olsun, bu ağır zəmanədə dodaqlarımızın qaçması üçün vəsilə olacaq.
Natiq Güləhmədoğlu