Çingiz Qənizadə İmişlini çalxalayıb

Deputatın yerli məmurların saxtakar əməllərini «malalamaq» cəhdini rayon ictimaiyyəti narazılıqla qarşılayıb

80 saylı Imişli-Beyləqan seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Çingiz Qənizadənin son vaxtlar Imişlidə baş verənlərlə bağlı mətbuata verdiyi açıqlama bu rayonda kəskin narazılıq doğurub. “Azadlıq”a müraciət edən ictimai fəallar və ziyalılar deputatı, bu yüksək ada xələl gətirən davranışa yol verməkdə, vətəndaşların şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlər işlətməkdə, başqalarını da bu cür hərəkətlər etməyə təhrik etməkdə ittiham edirlər.
AXCP Imişli rayon şöbəsinin sədri Əli Qasımlı hesab edir ki, verdiyi açıqlama ilə Ç.Qənizadə rayonda baş verənlərlə bağlı qeyri-obyektiv mövqe sərgiləməklə yanaşı, ictimai fəal insanlar barədə təhqiramiz ifadələr işlədib: “Mətbuatda xəbər verildiyi kimi, 2010-cu ilin yazında baş verən təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən bir qrup rayon sakini qısamüddətli aclıq aksiyası keçirdi. Vətəndaşların bu etirazını Ç.Qənizadə ”haqsız narazılıq”, “dövlətə təzyiq” kimi qiymətləndirib, üstəlik, daim rayonun sosial problemlərini qaldıran insanlara “kimlikləri rayonda hamıya məlum olan” şəklində həqarətlə yanaşıb, hətta belələrini “hoqqabaz” adlandırıb. Saxta yolla mandat əldə etməyi az deyilmiş kimi, ölkə əhalisinə Imişlidə baş verənlər barədə qeyri-obyektiv məlumat verməyi, yerli məmurların saxtakar əməllərini “malalamaq” cəhdi rayon ictimaiyyətində kəskin narazılıqla qarşılanıb. Belə bir adamın bundan sonra özünü millət vəkili adlandırmağa, bu rayonu təmsil etməyə mənəvi haqqı yoxdur. Baxmayaraq ki, qanunvericilik seçicilərin təşəbbüsü ilə deputatın geri çağırılmasına imkan vermir, bununla belə, Imişlinin ictimai fəalları və ziyalılar Ç.Qənizadənin deputat etikası ilə bir araya sığmayan hərəkətindən Milli Məclisə müraciət etmək fikrindədir”.
Müsavat Partiyası Imişli rayon təşkilatının sədri, sabiq deputat Iltizam Əkbərli hesab edir ki, Ç.Qənizadədən belə bir açıqlama gözlənilən idi: “20 il parlament qapısı üzünə bağlı olan, xüsusilə doğulduğu Ağdaş rayonunda seçiləcəyinə bel bağlamayan bir adamın, son seçkidə deputat mandatını hansı yolla əldə etməsi heç kəsə sirr deyil. Indi aldığı mandatın haqqını ödəmək girovundadır. Təəssüf edirəm ki, bu adam nə danışdığının fərqinə varmadan bizi hətta ”hoqqabaz” adlandırmaqdan belə çəkinməyib. Mən onun, çox ciddi problemlər içərisində olan bir rayon haqqında belə bəsit düşüncələrinə münasibət bildirmək istəməzdim. Ancaq məni ən çox təəccübləndirən və təəssüfləndirən bu mövqeni təqdim edən “Yeni Müsavat” qəzetinin də bizi qərəzli saymasıdır. Qeyd edim ki, məlum açıqlamadan bir neçə gün əvvəl adıçəkilən qəzetdə rayonun sosial problemləri, o cümlədən torpaqların qanunsuz yolla satılması və təbii sərvətlərin talan edilməsi barədə fikirlərim dərc edilmişdi. Bundan narahat olan yerli məmurlar həmin qəzetə sərbəst çıxışı olan Ç.Qənizadəni qabağa verib və onun vasitəsilə müdafiə olunmaq istəyib. Amma bizi qərəzli olmaqda suçlayan adam, məmur özbaşınalığı, korrupsiya hüquqpozmaları ilə bağlı ortaya qoyduğum konkret faktları təkzib edə bilməyib”.
Aclıq aksiyası keçirən Qarabağ müharibəsi iştirakçısı, I qrup əlil Elman Şahbazov deputatın bəzi ifadələrindən hiddətləndiyini deyir: “Qənizadə aclıq etməyimizə şübhəylə yanaşıb. Halbuki rayonda olarkən bunu dəqiqləşdirmək imkanı olub, heç olmasa məni müayinə edən həkimlə əlaqə saxlaya bilərdi. Bu aksiyadan sonra səhhətimdə ciddi problem yaranıb, bədinimin sol tərəfi iflic olub. Biz hökumətə təzyiq etmək üçün aclığa əl atmamışıq, hökumət özü bizi buna təhrik edib. Aksiya keçirənədək dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına yazılı müraciət etmiş, vəzifəli şəxslərin qəbulunda olmuşam. FHN-i məhkəməyə də verdim, bir nəticəsi olmadı.
”Kür” vətəndaş cəmiyyəti mənə məhkəmə işimdə hüquqi yardım göstərib. Bunun nəyi pisdir ki? Təbii fəlakətdən zərər çəkənlərə “Kür” təşkilatının etdiyi köməkliyin 1/10-i qədər də Çingiz etsəydi, həm əhalinin problemləri azalardı, həm də özünə hörmət qazanardı. Mən onun nədən təlaşlandığını heç cür başa düşə bilmirəm”.

Azər Əli