17 mart mitinqində tutulan gənc ifaçı azad edildi
Martın 17-də Bakıda gənclərin keçirdiyi mitinqin sonunda həbs edilən “Bulistan” rok qrupunun solisti Camal Əli 10 günlük inzibati cəzadan sonra azadlığa buraxılıb.
O, Səbail rayon Polis İdarəsində saxlansa da, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasından azad edilib. Vəkili Anar Qasımov “Azadlıq” radiosuna bildirib ki, Camal Əlinin nə üçün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından buraxılması onun üçün də aydın deyil.
Camal Əlinin özü isə “BBC Azərbaycanca”nın bəzi suallarına cavab verib. O, polisin işgəncəsinə məruz qalıb-qalmadığı haqda suala birbaşa cavab verməsə də, deyib: “İşgəncə verilməyib. Lakin polisdə mənə deyiblər ki, bu cür suallara cavab olaraq “polisdə məni başa salıblar” deyim”.
“Yeməyin necə olub?” sualına isə Camal Əli belə cavab verib: “Yemək veriblər, evdən də yemək göndərilib. Amma mənə elə gəlirdi ki, evdən göndərilən yeməkləri mənimlə kimlərsə şərik olaraq yeyib”.
Camal Əlinin anası Gülşən Əliyevə isə oğlunun azadlığa çıxmasına görə çox sevindiyini bildirib. “Çox həyacanlı günlər keçirdik, yaxşı kı hər şey artıq arxada qalıb”, – deyə Gülşən Əliyeva qeyd edib.
İnformasiya şöbəsi