Mahnı festivalına da elə bir vaxt qalmayıb. Cəmi iki ay! Yox, məni texniki və maddi məsələlərin həlli maraqlandırmır, birtəhər yola verəcəklər. Biz hansı ölkəni mahnı festivalına təqdim edəcəyik? Maraqlısı budur. Bunlar siyasətin mülayim müstəviyə, dialoq müstəvisinə keçməsinə imkan vermirlər. Güzəşt ediləcəyi təqdirdə onun yozumundan qorxurlar. Mən bu təkəbbürü çox asan başa düşərdim, ölkənin 20 faizi işğal altında olmasaydı! Amma indi bu təkəbbür inanın ki, gülməli görünür. Bəli, bizə təkəbbür yaraşmır. Mən “biz” deyəndə bu hakimiyyəti nəzərdə tuturam, halbuki ortalıqda bu sözün məna yükünü özündə ehtiva edən birlik yoxdur, özü də onların günahı üzündən. O saat deyəcəklər ki, görürsünüz, bunlar özlərini ayrı tuturlar! Mənsə deyirəm, bu hakimiyyətin günahları o qədər böyükdür ki, onları bölüşmək müşküldü!
Bunlar deyir ki, susun, bu günahları faş etməyin, evin sirrini çölə çıxarmaq yaxşı iş deyil. Lakin mən soruşuram: sizin məqsədiniz nədir? Deyəcəklər ki, Azərbaycanı tanıtmaq! Amma bizim də məqsədimiz elə budur, biz də ölkəni, Azərbaycanı dünyaya tanıtmaq istəyirik. Fərqsə ondadır ki, biz çox fərqli və təzadlı Azərbaycanlarda yaşayırıq, sizin öz Azərbaycanınız var, bizimsə ayrı və gəlin görək bu Azərbaycanlar biri-birinə nə qədər oxşayır! Inanın, təzad yerlə göy arasındakı qədərdir. Sizin Azərbaycan cənnətdi, bizimsə payımıza düşən Azərbaycan sözün əsl mənasında cəhənnəmdir, azadlıq və firavanlıq ceyran belinə çıxıb, elə hey qaçırıq, amma onlar ilğım kimi bizdən uzaqlaşır!
Gəlin, bu məsələdə heç vaxt olmamış kimi bir konsensus nümayiş etdirək – siz öz Azərbaycanınızı göstərin, biz də öz Azərbaycanımızı! Bir ölkənin bir neçə ölçüdə və biçimdə olması bizim günahımız deyil, sizin təqsirinizdir və gəlin etiraf edək ki, sizin cənnət bizim cəhənnəmin hesabına yaranıb! Bunu da danmaq fikriniz var bəlkə? O ki qaldı, “evin sirri”nə… Indi heç kimi belə düşüncəyə vadar etmək mümkün deyil. Bütün dünyada despotları, avtoritar quruluşları cəzalandırmaq üçün tədbirlər həyata keçirirlər. Bunun üçün həm beynəlxalq təşkilatlar çalışır, həm də yerli insanlar. Davosda iqtisadi forum keçirilərkən antiqlobalistlər hər ili etiraz aksiyası keçirir. Ümumiyyətlə, bir praktika var. Aksiyaların böyük tədbirlər, görüşlər dövrünə təsadüf etməsi adi bir haldır. Aksiyalar nə üçün keçirilir? Onun üçün ki, tələblər və etirazlar eşidilsin, insanlar bu haqda məlumatlansın! Düzdür, elə aksiyalar olur ki, bu tədbirlər hansısa başqa tədbirin keçirilməsinin qarşısını almaq və ona əngəl yaratmaq üçün edilir. Elə aksiyalar da olur ki, onlar sadəcə insanlara məlum həqiqətləri bir daha çatdırmaq məqsədi güdür. Bir zaman N.Mandela Cənubi Afrika, A.Saxarov isə SSRI üçün əsl problemə çevrilmişdi. Cənubi Afrika və SSRI harada görünürdüsə, orada əllərində bu iki insanın portretini gəzdirən etirazçılar peyda olurdular. Onlar bu əzmkarlıqla öz tələblərinin eşidilməsini təmin etdilər, istəklərinə çatdılar. Bu misallardan çox gətirmək olar, çünki o qədər həbs edilmiş, təqiblərə məruz qalmış demokratiya fəalları olub ki! Bu ölkədə də onlar azlıq təşkil etmir. Niyə görə o insanların məhbəsdə qalması “ev sirri” kimi yozulmalıdır? Burada azacıq da olsa məntiq varmı? Çoxlu bu cür suallar vermək olar. Lakin onların heç biri cavablandırılmır. Ölkədə işlər o səviyyəyə gəlib çatıb ki, hətta orta sıradan olan hakimiyyət nümayəndələri belə özlərinə müxalifətlə disputlarda iştirak etməyi sığışdırmırlar. Indi bunu necə başa düşək? Bundan sonra yenə də “birlik” haqda danışmaq olarmı?..
Kiçik sözardı
Bir başqa məsələdən də yazmaq istəyirdim. Eşitdim ki, S.Sveyqin daha bir əsəri tərcümə olunub. Amma hakimiyyət mövzusu vaxtımı aldı. Mən Sveyqi çox sevirəm. Darıxanda onun “Bəşəriyyətin ulduz saatı” yazısını və başqa əsərlərini oxuyuram. Növbəti əsəri də oxuyarıq. Çox təqdirəlayiq bir haldır ki, bizdə də tərcümə işləri yoluna qoyulur, əsərlər tərcümə olunur, çap edilir və oxuculara çatdırılır. Sveyq bir neçə aspektdən maraqlıdır, lakin bu, başqa söhbətin mövzusudur, hələ vaxtımız çoxdur, bu haqda da yazarıq…

Bizə təkəbbür yaraşırmı?
•


