AXCP regionlarda təşkilatlanmanı gücləndirir

Partiya rəhbərliyi Biləsuvar, Cəlilabad, Masallı və Lənkəranda cəbhəçilərlə görüşlər keçirib

Martın 25-də AXCP-nin Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran rayon şöbələrində genişləndirilmiş yığıncaqlar keçirilib.

Biləsuvar rayonunda Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə əsas müzakirə olunan məsələ AXCP-nin təşkilati sahədə fəaliyyətini genişləndirməsi olub.
Tədbirdə çıxış edən AXCP sədrinin müavini Razi Nurullayev son vaxtlar Azərbaycanın ətrafında yaranmış beynəlxalq şəraitlə bağlı fikirlərini açıqlayıb. Rayon ərazisində partiyanın təbliğat fəaliyyətinin genişləndirilməsi məsələlərinə də toxunan R.Nurullayev partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışıb. Tədbirdə çıxış edən rayon təşkilatının rəhbəri Teyyub Muradlı isə rayondakı ictima-siyasi durumla və partiyanın işləriylə bağlı məlumat verib. T.Muradlı daha sonra partiya üzvlərinin suallarını cavablandırıb.

AXCP-nin Cəlilabadda keçirilən tədbirində partiya rəhbərliyindən Fuad Qəhrəmanlı iştirak edib. AXCP Cəlilabad şöbəsinin genişləndirilmiş məclisində ictimai-siyasi vəziyyət və IP-nin vəzifələriylə bağlı çıxış edən F.Qəhrəmanlı eyni zamanda təbliğat fəaliyyətinin səmərəli qurulması barədə partiya rəhbərliyinin tövsiyələri haqda məlumat verib. Toplantıda əhalinin sosial problemlərinə partiyanın rayon təşkilatının daha həssas yanaşmasıyla bağlı məsələ də qaldırılıb.
Partiyanın rayon təşkilatının sədri Təzəxan Mirələmli də tədbirdə çıxış edərək rayondakı ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib. Geniş diskusiyaların aparıldığı məclisdə sosial və ictimai-siyasi məsələlər, IP-nin fəaliyyətinin daha səmərəli qurulmasıyla bağlı fikir mübadiləsi də edilib. Onu da qeyd edək ki, həmin gün Cəlilabadda IP-in regional təşkilatının da tədbiri keçirilib.

Masallı rayonunda olan tədbiri giriş sözü ilə açan partiyanın rayon şöbəsinin sədri Əlişir Bəşirli ictimai-siyasi vəziyyət, sosial-iqtisadi problemlərlə bağlı çıxış edib. Bundan başqa, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Razi Nurullayev də tədbirdə çıxış edərək partiya üzvlərini narahat edən məsələlərə toxunublar. Təşkilati işlərə diqqətin artırılması və bu sahədə fəaliyyətinin gücləndirilməsi, partiyaya yeni şəxslərin cəlb olunması və təbliğat strategiyasıyla bağlı tövsiyələr verilib. Bildirilib ki, demokratik qüvvələr artıq elə bir mərhələyə çatıb ki, sosial problemlərin həlli partiyanın yerli təşkilatları üçün prioritet olmalıdır. Əhali siyasi partiyalara, həmçinin AXCP-nin yerli strukturlarına problemlərinin həllində onların hissini ifadə edən, maraqlarını qoruyan bir qurum kimi baxmalıdır.

AXCP-nin Lənkəran rayon şöbəsində baş tutan tədbir də məhsuldarlığı ilə yadda qalıb. Rayon şöbəsinin sədri Nicat Səfəroğlu yerli təşkilatın ötən müddət ərzində əldə etdiyi nailiyyətlərə toxunub. Çıxışını əsasən ölkədəki mövcud ictimai-siyasi vəziyyət, zəruri olan demokratik dəyişikliklər üzərində quran F.Qəhrəmanlı bildirib ki, cəmiyyət yerli müxalifət təşkilatlarını problemlərinin həllində yardımçı kimi görməsi diqqət yetirilməli məqamlardandır. Tədbirdə eyni zamanda etiraz aksiyalarının təşkili məsələsi də qaldırılıb. R.Nurullayev isə çıxış edərək indiki situasiyada demokratik proseslərin inkişafının qlobal prosesə çevrildiyini və bu məsələdə Azərbaycan xalqının tək olmadığını nəzərə çatdırıb.

Informasiya şöbəsi