«İşin açılmaması hakimiyyətin bunda maraqlı olmadığını göstərir»
“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin oğurlanaraq döyülməsi olayından düz bir il ötür. S.Həzi martın 26-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanmışdı. Jurnalistə fiziki təzyiq göstərən şəxslər onun iki mobil telefonunu və şəxsi kompüterinin bazasını götürmüş, çantasını yoxlamışdılar. Hadisənin üzərindən bir il keçsə də, iş üzrə Abşeron Rayon Polis Idarəsində başladılan cinayət işinin heç bir nəticəsi olmadı.
Halbuki həmin vaxt məsələ Daxili Işlər Nazirliyi səviyyəsində nəzarətə götürülmüş, nazir Ramil Usubov KIV rəhbərləri ilə görüşündə işin ətraflı araşdırılmasının tərəfdarı olduğunu bildirmişdi. Elə həmin görüşdə lazımi göstərişlər verən R.Usubov əlavə tədbirlərin görüləcəyini də vəd etmişdi.
S.Həzinin sözlərinə görə, biganəlik elə ondan başlayıb ki, cinayət işi oğurluq yox, yalnız döyülmə maddəsi üzrə açılıb: “Bununla da işi araşdırmaqla bağlı niyyət ortaya qoyuldu. Cinayət Məcəlləsində göstərilir ki, qəsb varsa, bu, eyni zamanda oğurluq sayılır. Qəsb də, döyülmə də var idi. Amma yalnız biri üzrə cinayət işi başlatdılar. Onun da bir nəticəsi olmadı. Istintaq hərəkətləri ilə bağlı mənə heç bir məlumat verilmədi. Sadəcə bir dəfə məktub göndərdilər ki, şikayət üzrə araşdırma davam edir. Sonra da məlum oldu ki, işə xitam verilib. Çox keçməmiş məni izləməyə başladılar. Bu barədə mətbuata məlumat verən kimi, məni DIN-ə çağırdılar. Yenidən işin araşdırılması ilə bağlı istintaqçılara tapşırıq verildi”.
S.Həzi hesab edir ki, işin açılmaması hakimiyyətin bu məsələdə maraqlı olmadığını göstərir: “Ya təşkilatçıdılar, ya da maraqlı deyillər. Amma istənilən halda məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşür”.
Zorakılıq faktının “Azadlıq” qəzetindəki tənqidi yazılarla bağlı olduğunu deyən S.Həzi bildirir ki, oğurlayıb döyməklə müstəqil jurnalistlərin gözünü qorxutmaq, onları yolundan döndərmək olmaz.
Gültəkin