Güclü xalq etirazıyla üzləşən 85 yaşlı diktator məğlubiyyətini qəbul etdi; müxalif lider ölkə başçısı seçildi
Seneqalda günlərdir davam edən siyasi böhran uğurlu sonluqla nəticələnib. 12 ildir ölkəni idarə edən 85 yaşlı Abdullaye Vade ona qarşı başlanan xalq etirazları qarşısında geri çəkilərək prezident seçkilərinin ikinci turunda məğlubiyyətlə barışıb. Vadə səsvermənin başa çatmasından bir neçə saat sonra rəqibi, müxalifət lideri Maki Salla zəng edərək onu qələbə münasibətiylə təbrik edib. Sallın minlərlə tərəfdarı paytaxt Dəkkənin mərkəzi meydanına toplaşaraq liderlərinin qələbəsini qeyd ediblər.
Xatırladaq ki, prezident seçkilərində 85 yaşlı diktator Abdullaye Vadenin üçüncü dəfə ölkə başçısı postuna namizədliyini irəli sürməsi müxaliflərin ciddi etirazına səbəb olmuşdu. Müxalifətin çağırışlarına səs verən xalq 85 yaşlı diktatora qarşı kütləvi etiraz aksiyalarına başlamışdı. Həmin etiraz aksiyaları zamanı hökumət qüvvələri ilə müxaliflər arasında qarşıdurmalar yaşanmışdı və 10-dan çox insan həyatını itirmişdi.
Müxalifət ölkə konsititutsiyasında bir nəfərin yalnız iki dəfə prezident seçilməsi haqda maddənin olduğunu əsas gətirərək Abdullaye Vadenin namizədliyini geri götürməsini tələb edirdi. Ali Məhkəmə isə müxalifətin bu tələbini əsassız sayaraq Vadenin üçüncü dəfə namizədliyini verməsinin konstitutsiyaya zidd olmadığı haqda qərar çıxarmışdı. Bundan sonra ölkənin müxtəlif yerlərində hakimiyyət əleyhinə etirazlar başlamışdı. Vade etirazlara məhəl qoymayaraq namizədliyini vermişdi.
azadliq.info


