Putinin xülyası gerçəkləşəcəkmi?

Moskva postsovet ölkələri üçün «Avrasiya Parlamenti» yaradır

Vladimir Putin postsovet ölkələrinin birliyi üçün təklif etdiyi Avrasiya Ittifaqı ideyasını reallaşdırmaq üçün ciddi səylər göstərir. Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin rəhbəri Leonid Slutski parlamentin iclası zamanı bu təklifə parlamentin yaradılması ideyasının da daxil edilməsini vacib sayıb. “Avrasiya inteqrasiyası üçün aparılan danışıqlarda Avrasiya Parlamentinin yaradılması danışıqların əsas predmeti olmalıdır” deyən Slutski xatırladıb ki, 2015-ci ildə yaradılacaq Avrasiya Iqtisadi Ittifaqı özü ilə ciddi yenidənqurma və parlamentlərarası dialoqu vacib edəcək: “Gələcək inteqrasiyanın qanunvericilik bazasının hazırlanması və yaradılması mühümdür və bunun üçün danışıqlar aparılmalıdır”.   
Slutski yeni parlamentin yerləşəcəyi məkanın da adını çəkib. O bildirib ki, Avrasiya Parlamenti Sankt-Peterburq və Qazaxstanın paytaxtı Astana şəhərlərində yerləşə bilər.
Qeyd edək ki, “Avrasiya Ittifaqı”adlanan layihə vahid siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məkanı bölüşən dövlətlərin konfederativ birliyi kimi nəzərdə tutulur. Putin bu təklifi 2011-ci ildə səsləndirib və keçmiş SSRI respublikarını bu birlikdə görmək istədiyini açıq nümayiş etdirib. Təklifi birmənalı qarşılamayan siyasi müşahidəçilər bunu Putinin SSRI-nin bərpası cəhdi kimi qiymətləndirirlər (modern.az).
Putinin ötən ilin sonlarında müvafiq təkliflə Azərbaycana da müraciət etdiyini nəzərə alaraq görək, ölkəmizdə bu barədə nə düşünürlər. Siyasi ekspertlərin fikrincə, bu ideyanın əsas məqsədi Rusiyanın postsovet məkanında mövqeyini qoruyub saxlamaqdır: “2011-ci ilin sonlarında Putin Avrasiya Ittifaqı yaratmaq təklifi ilə çıxış etdi. Bu təklif xeyli müzakirələrə səbəb oldu. Rusiya tərəfi bunu bir çox amillərlə əlaqələndirdi. Putin özü məqaləsində göstərmişdi ki, bu, sadəcə olaraq Avrasiya Ittifaqında ola biləcək ölkələrin inteqrasiyası, onların imkanlarının genişləndiriləməsi baxımdan vacibdir. Amma təbii ki, bu əsl niyyəti pərdələmək üçündür. Putin çox ciddi səylər göstərir ki, Rusiyanın nüfuz dairəsi hesab etdiyi ölkələrdə mövqeyi möhkəmlənsin. Amma obyektiv beynəlxalq şərait buna imkan vermir. Çünki Rusiya özü zəif inkişaf mərhələsində olan bir dövlətdir. Xüsusən son illərdə Rusiyanın imkanları xeyli məhdudlaşıb. Neft və qaz satışından asılı bir ölkə olub. Rusiyanın bu ölkələrə təklif edə biləcəyi elə bir şey yoxdur. Elə bir texnologiyası da mövcud deyil. Digər tərəfdən Rusiyadakı rejim də bu dövlətlər, bu ölkələr üçün o qədər cəlbedici deyil. Baxmayaraq ki, bu ölkələrdə də avtoritar rejimlər var. Putinin səylərinə baxmayaraq dünyada gedən demokratikləşmə prosesi fonunda Rusiyanın bu istiqamətdə ciddi uğur qazanmaq imkanları olduqca məhduddur”.

Gültəkin