ABŞ prezidenti Pxenyan rejimini xalqa daha yaxşı həyat bəxş etmək üçün cəsarətli olmağa çağırdı
ABŞ prezidenti Barak Obama Cənubi Koreyanın paytaxtında universitet tələbələri qarşısında çıxışı zamanı Şimali Koreyaya sərt xəbərdarlıq ünvanlayıb. Ağ ev rəhbəri Pxenyanı sülhü bərqərar etməyə çağırıb:“Bundan sonra təxribat xarakterli addımlar mükafatlandırılmayacaq. Təxribatların mükafatlandırıldığı dövr geridə qalıb. Şimali Koreya liderlərinə üzümü tutub deyirəm ki, bu, sizin qarşınızda qoyulmuş seçimdir. Bu qərarı verməlisiniz. Sülhü bərqərar etmək və Şimali Koreya xalqına daha yaxşı həyat bəxş etmək üçün cəsarətiniz olsun”.
Obama əlavə edib ki, Şimali Koreya öz yolu ilə davam edə bilər, lakin bu yol daha çox təcrid olunmağa, Şimali Koreya xalqı ilə onun layiq olduğu imkanlar arasında məsafəni artırmağa gətirib çıxaracaq. ABŞ prezidenti ölkəsinin müttəfiqlərini qorumağa kifayət edəcək qədər nüvə silahına sahib olduğunu da vurğulayıb:“Bizim ehtiyacımız olduğundan da çox nüvə silahımız var. ABŞ hələ də 1500 istifadə edilmiş nüvə silahına və 5000 döyüş başlığına malikdir. Mən inanıram ki, Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edə və hər hansı təhlükəni dəf edə bilərik”.
azadlıq.info