Gəncədəki eşşək heykəlinin qulaqlarını qırıblar

Təmir olunmaq üçün götürülən heykəl 3 gündən sonra yenidən yerinə qoyulacaq

Gəncənin Cavadxan küçəsində eşşəyə qoyulan heykəl götürülüb. Bölgə müxbirimizin verdiyi məlumata artıq 2 gündür ki, eşşəyin heykəli yoxa çıxıb: “Heykəl bir həftə əvvəl qoyulmuşdu və bu Gəncə əhalisinin hiddətinə səbəb olmuşdu.
Sakinlər Şamaxıda olduğu kimi burada da eşşəyin heykəlini aşırmağı planlaşdırırdılar. Görünür, yerli hökumət əhalinin qəzəblənməsindən xəbər tutub və buna görə heykəl mərkəzi küçədən götürülüb.
Gəncədə bundan başqa da eşşək heykəli var. YAP-ın Gəncə təşkilatının sədr müavini, Gəncə Müəllimlər Institunun rektoru Ramiz Məmmədov Yeni Gəncə massivindəki özünə məxsus çay evinin qarşısında eşşəyə heykəl qoyub”.  
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat Istehsalat Birliyinin sədri Elgün Məmmədov isə AzadlıqRadiosuna deyib ki, mərkəzi küçəyə dekorasiya məqsədilə qoyulan eşşək heykəli balacaların marağına səbəb olub.
Martın 25-də isə heykəlin qulaqlarını qırıblar. Birliyin sədri deyir ki, heykəli təmir üçün götürüblər və yaxın 3 gün ərzində yenidən yerinə qoyacaqlar.
Xatırladaq ki, ötən ilin yayında Şamaxı rayonunun girişində – Həmyə kəndinə gedən yolda eşşək arabasında kəndli heykəlinin qoyulması ciddi narazılığa səbəb olmuşdu. O zamana Şamaxı rayonu Icra Hakimiyyətinin rəsmiləri açıqlama verərək bildirmişdilər ki, həmin heykəl qədimliyi tərənnüm edir və hansısa məna axtarmaq mənasızdır.
Amma ölkədə böyük səs-küy doğuran bu hadisə sonra heykəlin uçurulması ilə yekunlaşdı. Heykəli bir “Kamaz” sürücüsü tərəfindən bilərəkdən, ya bilməyərəkdən dağıdıldı.