Fransa həmsədrlikdən gedəcəkmi?

Hökumətyönlü politoloqlar Avropa Birliyinin Fransanı əvəzləməsini məqbul saymır

Rahim Hacıyev: “Avropa Birliyinin ATƏT-in Minsk Qrupunda yer alması problemin həllinə yalnız müsbət təsir edə bilər”

Avropa Birliyinin ATƏT-in Minsk Qrupunda Fransanı əvəz edə biləcəyi ilə bağlı təklifi müxtəlif reaksiyalara səbəb olub. Artıq Avropa Parlamentinin xarici əlaqələr komitəsi Fransanın ATƏT-in Minsk Qrupunda Avropa Birliyi ilə əvəzlənməsini nəzərdə tutan sənədi təsdiqləyib. Sənəd Avropa Parlamentində qəbul edilərsə, qüvvəyə minəcək.
Maraqlı məqam bundan ibarətdir ki, rəsmi Parisin qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı mövqeyindən sonra Azərbaycan və Türkiyədə Fransanın Minsk Qrupunda əvəzlənməsi ilə bağlı məsələ mütəmadi qaldırılırdı. O zaman hakimiyyət bu addımın atılmasına kəskin reaksiya vermirdi. Amma hazırda məsələ artıq konkretləşəndən sonra hakimiyyət özünə yaxın deputatların vasitəsilə belə bir dəyişikliyin məqbul olmadığını dilə gətirir. Bəyan olunur ki, AB-nın ATƏT-in Minsk Qrupuna gəlməsi münaqişənin həllində elə bir ciddi dəyişiklik etməyəcək.

Siyasi ekspert Rahim Hacıyevin qənaətincə, AB-nın Fransanı əvəz etmək niyyətini açıq şəkildə ortaya qoyması Qarabağ probleminin həlli ilə bağlı bu təşkilatın ciddi addımlar atmaq istəyindən xəbər verir. AB-nın Cənubi Qafqaza son zamanlar ciddi münasibət göstərdiyini deyən R.Hacıyev vurğuladı ki, AB-nin region ölkələrinə təklif etdiyi assosasiya müqaviləsi perspektivdə bu dövlətlər üçün təşkilata üzvlük vəd edir: “Keçən ilin sentyabrında Avropa Birliyi Azərbaycanı Şərqi Avropa dövləti kimi tanıdığını bəyan etdi. Bu isə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərdə yeni status alması demək idi. Bütün bunlar göstərir ki, Avropa Birliyi Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna böyük önəm verir. Ona görə də maraqlarının olduğu regionda münaqişələrin tez bir zamanda həll olunmasını istəyir. Çünki regional problemlər qaldıqca bu dövlətlərin Avropa Birliyinə üzvlüyündə çətinlik yarana bilər”.
AB-nin Qarabağ probleminin həllində ciddi addımlar ata bilməyəcəyi ilə bağlı söylənilənlərin yanlış olduğunu deyən R.Hacıyev vurğuladı ki, bu Azərbaycan hakimiyyətinin AB-nin ölkəmizdə fəallaşmasını istəməməsi ilə bağlıdır: “Avtoritar mahiyyətli Azərbaycan hökuməti Avropa Birliyinin mövqelərinin möhkəmlənməsini istəmir. Çünki avtoritar rejimlər demokratik dəyərlərə qarşı olurlar. Avropa Birliyinin Azərbaycanda möhkəmlənməsi isə demokratik prinsiplərin ölkəmizdə yayılmasına aparan yoldur”.
Bundan başqa, AB-nın vahid struktur olmaması ilə bağlı söylənilən fikirlərin də reallıqdan uzaq olduğunu deyən R.Hacıyev bildirdi ki, ərəb dünyasında baş verən hadisələr zamanı AB özünü vahid struktur kimi göstərərək, cərəyan edən proseslərə dərhal reaksiya vermişdi. AB-nin bundan başqa Suriya və Iran məsələlərində də qətiyyətli mövqe sərgilədiyini xatırladan ekspert vurğuladı ki, AB artıq vahid xarici siyasəti olan bir təşkilatdır. Bundan başqa, R.Hacıyev AB-nin artıq bir neçə sənədlə Qarabağ probleminin həllində mühüm qərarlar qəbul etdiyini deyir: “2010-cu ildə təşkilatın qəbul etdiyi sənəddə vurğulanır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən dərhal çıxmalıdır. Eyni zamanda oxşar bəyanatla Avropa Birliyinin aparıcı ölkəsi olan Almaniyanın Bundestaqı qərar qəbul edib. Həmin qərarda vurğulanır ki, Ermənistan BMT-nin qəbul etdiyi dörd qətnaməyə hökmən riayət etməlidir. Amma bütün bunları Azərbaycan hakimiyyəti nəzərə almır. Çünki iqtidarı düşündürən yalnız öz şəxsi maraqlarıdır. Avropa Birliyinin ATƏT-in Minsk Qrupunda yer alması problemin həllinə yalnız müsbət təsir edə bilər”.

Hikmət