Müzəffər Baxışov: «Qubalılar icra başçısının məsuliyyətə cəlb olunması üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər»
Quba hadisələrində günahlandırılaraq həbs edilənlərin sayı bəlli olduğu kimi, 10 nəfərdən çoxdur. Sosial şəbəkədə yayımlanan videoçarxa görə bu gün neçə-neçə insan sorğu-suala çəkilir. Istintaq araşdırması da rayon icra başçısının çıxışını yayanların kim olduğunu ortaya çıxartmaq istəyir.
Konkret olaraq bu məsələyə görə yerli “Xəyal” telekanalının baş redaktoru Zaur Quliyev devrilmiş icra başçısı Rauf Həbibovun çıxışını montaj etməkdə günahlandırılır. Bu barədə AzadlıqRadiosuna Zaur Quliyevin vəkili Səfər Hüseynov bildirib.
Bundan başqa istintaq bu olayların xalq üsyanı deyil, hansısa qüvvələrin təşkil etdiyi təxribat kimi qələmə verməyə çalışır. Qubanın bələdiyyə sədri Elxan Əliyevin həbsi də bununla əlaqədardır. Bildirilir ki, hadisələrə görə Qubanın sabiq icra başçısı Arzuman Əliyevin də istintaqa cəlb olunması planlaşdırılır. Onun Quba polisində rəis müvaini çalışan kürəkəni Azər Rzayevin işdən çıxarılması da bununla bağlıdır.
Lakin ortada fakt var ki, Rauf Həbibov qubalıları təhqir edib. Əgər bu çıxışı yayan şəxs məsuliyyətə cəlb olunursa bəs sabiq icra başçısı haqqında niyə tədbir görülmür?
Tanınmış hüquq eksperti Müzəffər Baxışov sözügedən məqamı şərh edərək hadisələrə obyektiv yanaşma tələb olunduğunu söylədi: “Quba rayon icra başçısının tədbirdəki çıxışının yayılmasına görə Azərbaycan Cinayət Məcəlləsi və Inzibati Xətalar Məcəlləsində heç bir məsuliyyət nəzərdə tutulmayıb. Yəni çıxışdakı məlumatı yayan şəxslər hansısa məsuliyyət daşımır. Quba icra başçısının qanunsuz hərəkətləri, qubalıları xüsusilə ağır cinayətdə, vətənə xəyanətdə ittiham etməsi düzgün hərəkət deyil. Lakin bunu yayan şəxslər qanunvericilik aktlarına görə məsuliyyət daşıya bilməz. Çıxışı yaydıqlarına görə həmin adamlara hansısa ittihamın verilməsinin özü qanunsuzdur”. M.Baxışov qeyd etdi ki, icra başçısının söylədikləri hadisələrin başlamasına qığılcım olduğu, eləcə də qubalıları təhqir və ittiham etdiyi üçün o, məsuliyyətə cəlb olunmalıdır. Belə ki, qanunvericilikdə bunun üçün müvafiq maddə də nəzərdə tutulub: “Cinayət Məcəlləsinin 147.2 maddəsinə görə belə əməllər edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Qubalılar rayon icra başçısının məsuliyyətə cəlb olunması üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Icra başçısının hərəkətləri böhtan xarakterlidir. Hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların kütləvi şəkildə yayılması, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq CM-in 147.2 maddəsinə tövsif olunur. Vətənə xəyanət də əslində, CM-in 274-cü maddəsilə nəzərdə tutulan xüsusilə ağır cinayətdir və icra başçısı qubalıları xüsusilə ağır cinayətdə ittiham etdiyinə görə CM-in 147.2 maddəsilə cinayət məsuliyyətinə cəlb edilə bilər”.
Nigar


