Fransanın Minsk qrupunun həmsədrliyində qalıb-qalmaması məsələsi bir daha gündəmə gəldi. Maraqlıdır ki, bu dəfə soraq Avropanın özündən oldu. Nə demək olar? Mən düşünmürəm Fransanın Avropa Birliyilə əvəzlənməsi böyük prosedur çətinliklərinə səbəb olsun. Burada söhbət prosedurlardan getmir. Ötən bu illərin ərzində həmsədrlik institutu çox dəyişikliklərə məruz qalıb: əvvəllər bir sədr vardı, sonra iki və daha sonra isə üç oldu. Məni digər məsələ düşündürür. Təəssüf ki, N.Sarkozi inadından dönmür. Qondarma qanun layihəsi özünü hüquqi baxımdan tükəndirsə də Fransa prezidenti bir daha bu məsələyə qayıdacağını vəd edir. Təbii ki, Sarkozinin hakimiyyətdən getməyəcəyi təqdirdə və məsələnin yenidən gündəmə gələcəyi halda onun, yəni Fransanın həmsədrlikdən uzaqlaşdırılması bir növ qaçılmaz olacaq. Bu artıq Fransanın özünün seçimidir. Amma məni bir sual narahat edir. O halda Fransanı, necə deyərlər, birdəfəlik Ermənistanın aktiviniə yazmayacağıq ki?
Mənə elə gəlir ki, daha çox narahatlıq doğuran məsələ bu olmalıdır. Indi biz özümüzü elə aparmayaq ki, guya Fransanı əvəz etmək iqtidarında olan ölkə və yaxud təşkilat yoxdur! Yox, var. Amma Fransa tamam Ermənistan tərəfə keçə bilər. Qorxulu olan budur. Amma nə etmək olar? Fransa öz qondarma qanunu ilə vidalaşmaq istəmirsə, biz onunla vidalaşmalı olacağıq! Buradan başqa çıxış yolu görünmür – yollar bizi ayırır. Bəziləri problem kimi AB-nin dövlət deyil, bir təşkilat olmasını göstərir. Amma AB dövlətlərin ona verdiyi müəyyən sistemüstü səlahiyyətlərə malikdir. Mən indi AB-nin nələrə malik olduğunu sadalamaqla sizi yormaq istəmirəm: konstitusiya var, parlament var, xarici əlaqələrlə və təhlükəsizlik məsələləri ilə məşğul olan bir qurumu da mövcuddur. Güman etmirəm ki, onun dövlət deyil, dövlətləri birləşdirən qurum olması problem yaradır, hərçənd ATƏT dövlətlərin birliyi kimi mövcuddur və AB bu sxemə, necə deyərlər, uyuşmur. Təbii, sonuncu amil bir qədər düşünməyə vadar edir. Lakin bir daha qeyd edirik ki, Avropa Birliyi dünya siyasətində bir aktyor, müstəqil “oyunçu” kimi görünməyə də can atır. Məsələnin akutallaşacağı təqdirdə Avropa özü bu problemi hansısa şəkildə həll edə bilər. Mən başqa bir detalı qeyd etmək istəyirəm. Əgər onlar Qarabağ probleminin həllilə məşğul olmaq əzmindədirlərsə, özlərinin təmsil olunmaqlarının arzusundadırlarsa, öz nümayəndələrini təyin edə bilərlər. Iş elə vəziyyətə gəlib ki, bir mahnıda deyildiyi kimi, “səni sevəcəyəm, sən sevməsən də!” – deyə bilmərik. Ötən müddətə baxsaq, Fransanın həmsədr olması da bir nəticə vermədi. Əslində bizim işimiz həm gülməlidi, həm də ki, ağlamalı! Ermənipərəst dövlətləri yığmışıq Minsk qrupuna və neçə illərdi ki, ümidimizi onlara bağlamışıq. Seçim olsaydı, mən Almaniyanın üzərində bir daha dayanardım və onun həmsədr olmasını istərdim. Deyirlər ki, bu ölkəni xarici siyasət məsələləri o qədər də maraqlandırmır. Amma belə deyil. Ölkə dünya siyasətinə çıxış üçün mandat almağa can atır, fəqət, ona ikinci dünya müharibəsinin qoyub getdiyi miras mane olur. Niyə Almaniyanın adını xüsusi qeyd edirəm? Digər dövlətlərlə müqayisədə Almaniya neytrallığı ilə daha çox diqqəti cəlb edir, həm də almanlar inadkar millətdir, bir məsələdən yapışdılar ki, mütləq onu axıra çatdırırlar. Nə isə. Fransa gedəsi olsa, bizim sayca dördüncü seçimimiz olacaq bu. Necə deyərlər, uğurlu olsun…
Müxalifət daha geniş formata can atır?
Bu yaxınlarda daha bir hadisə oldu. Ölkənin beş müxalifət partiyası (sayının dəqiq olmasında əmin deyiləm, lakin bunun fərqi yoxdur) yenidən bir araya gəldi. Biz hamımız bunda yeni birliyin formatını gördük. Amma partiyaların təmsilçiləri dərhal bəyan etdilər ki, bu, görüş, sadəcə məsləhətləşmək üçün nəzərdə tutulmuşdu. Nə demək istəyirəm? Biz böyük birliklər görmüşük və çox ixtilaflar yaşamışıq. Bir vaxt SIDSUH-da 60-dan çox təşkilat vardı. O günlər arxada qaldı. Biz indi böyük partiyaların həsrətindəyik. Bu əsl yenilik ola bilərdi. Bacarırsınızsa, böyük bir partiya – superpatiya yaradın. Inanın, o, heç də super ölçülərdə olmayacaq. Sadəcə, əsl böyük partiya olacaq – bizi, hamımızı birləşdirən partiya…

Bir ölkənin dördüncü seçimi…
•


