Müxalifətin Minskdəki mitinqinə çıxan minlərlə vətəndaş azad seçki tələb etdi
Belarus müxalifəti 1918-ci ildə qurulmuş respublikanın ildönümünü Aleksandr Lukaşenko rejiminə qarşı etiraz aksiyası keçirməklə qeyd edib. Paytaxt Minskdə şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqə 5 mindən çox müxalifət tərəfdarı qatılıb. “Xalqlar dostluğu” meydanında keçirilən aksiyaya qatılan müxalifət tərəfdarları siyasi məhbusların dərhal azad olunmasını və ədalətli seçkilərin təşkil edilməsini tələb ediblər.
Əllərində müxalif partiyaların rəmzi sayılan ağ-qırmızı-ağ rəngli bayraqlar tutan aksiya iştirakçıları Aleksandr Lukaşenkoya qarşı şüarlar səsləndiriblər. Onlar “Rədd olsun prezident” və “Azadlıq” şüarları yazılmış plakatlar qaldırıblar. Müxalifət tərəfdarları ölkənin sovet rejimi ənənələrindən uzaqlaşıb müasir Avropa dövlətinə çevrilməsini tələb ediblər. Mitinq icazəli olduğundan təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyiblər. Iakin polislər nəqliyyatın hərəkətini dayandıraraq etirazçıların çoxalmasının qarşısını almağa çalışıb. Etiraz aksiyasında çıxış edən Belarus Xalq Cəbhəsi partiyasının lideri Aleksey Yanukeviç öz tərəfdarlarını küçələrə axışmağa səsləyib. Müxalif lider Lukaşenko rejiminin ölkəni bataqlığa sürüklədiyini və xalqı buna göz yammamağa, haqları uğrundan mübarizəyə səsləyib.
Mitinqin başa çatmasına bir neçə dəqiqə qalmış polis meydanda konsert verməyə cəhd göstərən 100-ə yaxın gənci həbs edib. Hüquq mühafizə orqanları həmin gənclərin anarxist qrupun üzvləri olduğunu və təxribat törətməyə çalışdıqlarını bildirib.
İnformasiya şöbəsi