7 telekanalın bir süjetlə darmadağın olması

Bəli, sevgili oxucular, dünənədək biz ölkədəki bütün telekanalların bir ailənin bitib-tükənməyən sərvət, hakimiyyət ehtiraslarına alət edilməsindən… O telekanallarda doğruları söyləyənlərə yer olmamasından… O telekanalların sadəcə, yalan və yaltaqlıq, şər və şəbədə tribunasına çevrilməsindən… Ölkənin demokratik kəsiminin televiziya kimi çağdaş dünyada önəmli bir informasiya, təbliğat silahından məhrum edilməsindən şikayətlənirdik.
Ancaq artıq zamanın çarxı dönüb. Artıq sular başqa yana axır. Indi Ilham Əliyev və çevrəsi dünyada bunları göstərən telekanal olmamasından şikayətçidir.
Indi Ilham Əliyev və çevrəsi dünyada tribuna tapa bilməməkdən gileylidir.
Əcəb mənzərədir, hələm-hələm ələ düşməz, baxıb kef eləməliyik.
Bəli, biz dünənədək “telekanalımız yoxdur” deyə qan ağlarkən bu gün nə görürük?
Dünyanın ən nüfuzlu, ən baxılan, ən məşhur telekanalları artıq bizim olub. Illərdir bizim hayqırdığımız, amma özümüzdən başqa kimsəyə eşitdirə bilmədiyimiz həqiqətləri, gerçəkləri indi onlar gecə-gündüz bütün dünyaya yaymaqda, çatdırmaqdadır. Bunların 7 telekanalının gecə-gündüz ifraz etdikləri yalanlar, nağıllar bir xarici telekanalın 10 dəqiqəlik bir süjeti ilə heçə dönür, darmadağın olur. Ağır dərddir. Heyf Sahib Alıyevlərə, Ibrahim Məmmədlilərə, Etibar Hüseynovlara, Mir Şahinlərə qoyulan bu qədər mayadan. Sən onları yağ içində böyrək kimi bəslə, “qa” deyəndə makaron fabrikini, “qu” deyəndə deputat mandatını əskik eləmə, nə var, nə var, xalqa “analoqsuz inkişaf” dolması, “regionun lider dövləti” kababı, “1 milyon iş yeri” çığırtması yedirəcəksən, amma axırda hansısa bir xarici telekanal gəlsin, sənin bunca əziyyətini tort eləyib divara vursun, bunca əməytinin içinə “əh” eləyib getsin.  
Təkcə son bir həftəyə diqqət edin: CNN, BBC, Avstriyanın OFR telekanalı Azərbaycandakı istila rejimini ifşa edən süjetlər yayımladılar. Bu ölkənin zülmə, istibada necə təslim edildiyini…
Hüquq və azadlıqların yerlərdə necə süründüyünü, bir millətin sərvətlərinin bir ailənin əlində necə sümürüldüyünü gözlər önünə sürdülər.
Bundan əvvəl isə Euronyus, Almaniyanın ARD, Isveçin CVT telekanalları oxşar reportajlar hazırlayıb yaymış, Azərbaycanın gerçək durumunu, əsl həqiqətlərini planetin dörd bir tərəfinə çatdırmışdılar.
Qısası, artıq bunların müxalifəti öz mənasız telekanallarına buraxmamalarının heç bir mənası yoxdur. Artıq dünya televizionçuluğunun CNN, BBC, Euronyus kimi devləri Azərbaycan həqiqətlərinin səsləndiyi bir tribunaya çevrilmişdir. Rejimin pisliyi özünə qalmışdır. “Müxalifəti televiziyasız qoyduqsa, həqiqətləri televiziyadan qovduqsa, iş bitmişdir” formulu öz mənasını, əhəmiyyətini itirmişdir.
Qoy indi alsınlar öz Lider-miderlərini, “Xəzər”-məzərlərini başlarına çalsınlar, artıq bütün funksionallığını, inandırıcılığını, insanların şüuruna təsir gücünü itirmiş mənasız, geydirmə telekanallarını öz aralarında doya-doya seyr etsinlər.
Siyasiləşməyən qalmasın!
Bilirsiniz, bizim möhtərəm xalqın siyasiləşməsinə qarşıdır. Tez-tez müxalifətin cəmiyyəti siyasiləşdirməyə çalışmasından şikayətlənir.
Normalda bir siyasətçi hər kəsin siyasətlə ilgilənməsini, siyasətə qarışmasını, siyasi təfəkkürə, siyasi dünyagörüşə sahib olmasını istəməzmi?
Amma Ilham Əliyev siyasiləşməyə nifrət edir. Siyasi fəallıqdan qorxur.
Və möhtərəm insanları siyasətdən uzaq tutmaq üçün əlindən gələni edərkən, bir də baxırıq nə?
3 milyona aldıqları fransız atı olimpiya oyunlarında cıdıra çıxıb heç beş metrə qaçmamış yıxılır…
Bahalı eşşəklərin videosu gözdağına çevrilir…
Almaniyadan ətək-ətək pul töküb gətirdikləri inəklər burda ağzı ota çatmamış ölür…
Ayı bir milyonluq kababı ilə nazir oğlunu el-aləmə rüsvay edir…
Dəvə icra başçısına tüpürür…
Qısası, insanların siyasətlə məşğul olmasını, insanların siyasiləşməsini istəməyən və bunu hər fürsətdə dilə gətirən Ilham Əliyevin acığına heyvanlar belə, siyasiləşir bu ölkədə.
Sözü çox uzatmayım, deməyim odur ki, dərindən düşünsələr, siyasiləşməyi istəməyən möhtərəm üçün də, onun qorxusundan siyasiləşməyə can çəkən vətəndaşlar üçün də böyük hikmət var bunda.