Əmrə tabe olmayan helikopter Təhlükəsizlik Nazirliyini bombalayıb Türkiyəyə qaçdı
Suriyada gərginlik davam edir. Bəşər Əsədin əmrindəki əsgərlər hakimiyyət əleyhdarlarına qarşı növbəti qətliamını törədib. Yerli fəalların bildirdiyinə görə, son sutka ərzində hökumət qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 38 hakimiyyət əleyhdarı öldürülüb. Üsyançı əgərlərlə hökumət qüvvələrinin qarşıdurması zamanı isə 15 əsgər həyatını itirib. Bəşər Əsədin əmrindəki əsgərlər Homs və İdlib şəhərlərində müxaliflərə yönəlik əməliyyatları artırıblar. Homs növbəti dəfə top və raket atəşinə tutulub.
Bundan başqa təhlükəsizlik qüvvələri Türkiyə ilə sərhədə yaxınlıqda yerləşən Saraqəb şəhərində də hərbi əməliyyatlara start veriblər. Hüquq müdafiəçiləri hökumət qüvvələrinin 26 tankın müşaiyyəti ilə şəhərə daxil olaraq müxaliflərin kompakt olduğu yaşayış massivlərini atəşə tutublar. Bəşər Əsədin əsgərləri ilə üsyançılar arasında şiddətli döyüşlər baş verib. Üsyançılar 9 əsgəri öldürməyi bacarıblar.
“Əl-Ərəbiyyə” kanalı isə müxalifətə istinadən bildirib ki, Suriya ordusunda xidmət edən helikopter pilotu Hələb şəhərində Əzəz adlı məntəqənin bombardman edilməsi əmrinə tabe olmayaraq, helikopterdən Təhlükəsizlik Nazirliyinin binasını atəşə tutub. Hərbi sursatı tükənən pilot sonda Türkiyəyə qaçmalı olub. Suriya dövlət xəbər agentliyi (SANA) məlumatı təkzib edib, rəsmi Ankara isə məlumatı şərh etməyib.
Bəşər Əsədə qarşı vuruşan üsyançılardan ibarət Azad Suriya Ordusunun komandiri polkovnik Riyad Əsəd müxalifətin hərbi şurasının yaradıldığını açıqlayıb. Keçmiş Suriya Hərbi Hava qüvvələri zabiti yeni şuranın Azad Suriya Ordusunun və general Mustafa Əş Şeyxin briqadasınının fəaliyyətinə rəhbərlik edəcəyini bildirib. Hərbi Şuraya məhz Mustafa Əş Şeyx başçılıq edəcək. Bəyanatda şuranın təsis olunmasına dair müvafiq sazişin Türkiyədə bağlandığı və əsas məqsədin Bəşər Əsədə qarşı olan qüvvələrin birləşdirilməsi olduğu qeyd edilir.
azadlıq.info