Milli Televiziya və Radio Şurası prezident Ilham Əliyevdən əlavə səlahiyyətlər istəyir. Bunlardan biri istənilən verilişi qapatmaq və ya bir neçə günlük dayandırmaq səlahiyyətidir. Yaxşı fikirdir. Mentallıq baxımından hamı kimi mənim də ürəyimcədir, istəyirəm tərbiyəsiz, əxlaqsız verilişlər efirdən yığışdırılsın. Demokratik dəyərlər baxımından yanaşsaq bu istək azad sözə basqı kimi dəyərləndirilə bilər.
Hər halda bu gün Azərbaycan efiri baxılmaz gündədir. Televiziyalarda biabırçı verilişlər gedir, sayı çoxdur. Onlardan birincisi ANS-in “Toy olsun”u və ATV-nin “Onun yarısı”dır. Bu verilişlər efirdən yığışdırılmalıdır. Biryolluq. Yox əgər onlar telekanalların reytinqinin artmasına xidmət edirsə, reklam bazarını genişləndirirsə, onda proqramın formatı dəyişdirilməli, xarici ölkələrin təcrübəsi öyrənilərək, yəni məişət, əxlaq görsənişlərindən psixoloji, cəmiyyətin durumunun əksi olan, problemləri həll etməyə gücü çatan proqrama çevrilməlidir. Aparıcılar təzələnməli, onlar məntiqi, təfəkkürü, həyat təcrübəsi, ən əsası normal ailə həyatı olanlar arasından seçilməlidir. Aparıcının sözünün, hərəkətinin çəkisi, özünün nüfuzu olmayanda veriliş “Toy olsun”, “Onun yarısı” kimi zırrama hırraxanaya çevrilir. Elə bil ölkənin ən avara, ağılsız adamları üçündür bu veriliş. Martın 22-də “Toy olsun” Şəki ləhcəli bir xanımın sarsaq danışığıyla keçib getdi. Hələ ora qaboyçalan Kamil Cəlilovu da çağırmışdılar. Kamil müəllim kimi adamlar “Toy olsun”a, “Günə baxan”a, “Bir az şou”ya niyə gəlirlər, baş açmaq olmur. MRTŞ düz eləyir bu verilişləri bağlatdırmaq istəyir. Aylardır prezidentdən cavab gözləyirlər, gəlmir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, başqa ölkələrdə olduğu kimi, MTRŞ-ya bəzi verilişlərin yayımının bir neçə günlüyə dayandırılması səlahiyyəti verilməlidir: “Belə olarsa, televiziya kanalları lazımsız verilişləri bir daha yayımlamayacaq. Bu, daha çox çəkindirici xarakterdə olan əlavə səlahiyyət istəyidir”. MRTŞ-nin yaramaz verilişləri qapatmaq istəyini dəstəkləyirəm. Amma…
Amma kim təminat verər ki, prezident Nuşirəvan Məhərrəmlinin komandasının səlahiyyətlərini artırandan sonra yaxşılığa doğru nə isə dəyişəcək? Mən buna qəti əmin deyiləm. Teleradio şurası bu günəcən bircə yol müstəqil şəkildə həlledici addım atmayıb, indi səlahiyyətini artırandan sonra niyə atsın ki? Belədə inamımız qalmır. Ən çətin məqamlarda MRTŞ susmağa üstünlük verib. Heç uzağa getməyək, iki il, il yarım irəli jurnalistlərin şəxsi həyatının intim səhnələrini montajlı-montajsız bütün respublikaya yayımlayan “Lider” televiziyası qınanmadı. Heç ondan qabaq da MRTŞ “Kuklalar”ı bağlatmaq üçün səlahiyyət istəməmişdi. Xədicə Ismayılova faktında da Nuşirəvan Məhərrəmli ağzına su alıb susdu. Səlahiyyət bunun üçünmü gərəkdir? Indiyəcən MRTŞ-nın adı iki-üç yerdə hallanıb. Biri ANS-in məsələsidir. Onda şuraya göstəriş yuxarıdan gəldi: “ANS”-i qapat, qapatdılar. Dedilər: “aç”, açdılar. ITV-yə direktor seçəndə də yuxarı şuranın səslərini əlindən alıb Ismayıl Ömərova verdi. Idman kanalını, Mədəniyyəti də AzTV-yə yuxarıdan verdilər, MRTŞ-lıq iş qalmadı. Milli Teleradio Şurası ölkədəki özü var, işi yox qurumlardan biridir. Məsələn Olimpiya kompleksləri kimi. Burda adamlar havayı maaş alırlar. Burda adamlara “bəli”, “baş üstə”yə görə əmək haqqı verirlər. Bəzi deputatlar var ki, onlara iqtidarın xeyrinə səs üçün mandat veriblər. Göstərişlə işləyən adamlar heç bir halda obyektiv ola bilməzlər. Tutalım, MRTŞ-nı halal müsabiqə keçirib kanal açmağa, direktor seçməyə, televiziyaların lisenziyasını uzatmamağa qoymayanlar veriliş bağlatdırmağa icazə verdilər. Kim deyə bilər ki, MRTŞ telekanallara, verilişlərə, aparıcılara qarşı obyektiv olacaq, onlara eyni gözlə baxacaq, haqqı nahaqqa verməyəcək. Indiki iqtidarla, şuranın indiki üzvləriylə bunu gözləmək yersizdir. Ən azından MRTŞ-ya azad düşüncəli, obyektiv fikir söyləməyi bacaran insanlar seçilməlidir.
Bu gün əksər əyləncəli verilişlər ictimaiyyətin rəyini əks etdirmir. Telekanallar tamaşaçı zövqünü formalaşdırmır, əksinə korlanmış zövqlərə uyğun proqram siyasəti aparır. MRTŞ-nın əlində olan, əlavə almaq istədiyi səlahiyyətlər bunların heç birini dəyişməyəcək. Odur ki, arada-bərədə varlığın sübutu üçün saytlara çıxıb “səlahiyyət” söhbətini ortaya atıb uşaq başı aldatmayın, ağalar!
Sənubər


