Sarkozi Qəzzafinin “qara qutusundan” qorxur

Məhəmməd əl-Sənussi ilə yanaşı, öldürülmüş diktatorun 3 min adamı mühakimə olunacaq

Liviya hökuməti bəyan edib ki, öldürülmüş diktator Müəmmər Qəzzafinin ən yaxın silahdaşı, hazırda Mavritaniyada saxlanılan Məhəmməd əl Sənussinin təhvil alınması üçün lazımi addımlar atılır.
Hökumətin bəyanatında o da vurğulanır ki, ötən il devrilən Qəzzafi rejimin rəsmilərinin yaxın vaxtlarda mühakiməsi başlanacaq. Ölkənin müvəqqəti hökumətinin başçısı Əbdürrahim əl-Kibin sözlərinə görə, Qəzzafi rejiminə xidmət edən casuslar ən qısa zamanda məhkəmə qarşısına çıxarılacaq.
Əl Kib Qəzzafi rejimi illərində Liviya xalqına qarşı cinayət törədən, vəzifəsindən sui-istifadə edərək varlanan, insanlara işgəncələr verən şəxslərin məhkəmə qarşısında cavab verəcəyini bildirib. Müvəqqəti hökumətdən yayılan açıqlamaya görə, hazırda Müəmmər Qəzzafinin üç minə yaxın adamı Misrata həbsxanalarında saxlanılır. Məhkumlarla yaxşı davranıldığını deyən rəsmilərin sözlərinə görə, həmin şəxslərin ailə üzvlərinin onları ziyarət etmələrinə icazə verilir. Həmçinin bu şəxslər törətdikləri cinayətdən asılı olmayaraq, ədalətli mühakimə olunacaqlar.
Bir neçə gün əvvəl Mavritaniya aeroportunda ələ keçən Qəzzafinin “qara qutusu” adlandırılan, devrilmiş rejimin kəşfiyyat rəhbəri Məhəmməd əl Sənussinin yaxalanmasıyla bağlı bəzi məqamlar ortaya çıxıb. Yayılan məlumatlara görə, Sənussi Fransa və Mavritaniya kəşfiyyatının birgə hazırladığı tələyə düşüb. Qəzzafinin “qara qutusu”nun ələ keçməsi onu geri istəyən Liviyanın yeni hökumətilə Fransa və Beynəlxalq Cəza Məhkəməsini qarşı-qarşıya qoyub.
Liviya keçmiş kəşfiyyat rəhbərinin Tripolidə mühakimə olunmasını istəyir. Qərb və bəzi ərəb dövlətləri isə Sənussinin sahib olduğu sirləri açıqlayacağından ehtiyatlanır. Sənussinin Fransa prezidenti Nikolya Sarkozinin seçki kampaniyasının maliyyələşdirilməsi üçün ödənilən pul barədə detalları bildiyi deyilir. Ərəb ölkələrindən birinin yüksək rütbəli kəşfiyyat rəsmisi bildirib ki, Sənussi Sarkozi də daxil olmaqla, bir çox lider və ölkələrin maliyyə fırıldaqlarına şahid olub. Sarkozinin Sənussinin həbsi məsələsilə şəxsən maraqlandığı da dolaşan xəbərlər arasındadır. Fransa və ərəb mediasının kəşfiyyat qaynaqlarına istinadən yaydığı xəbərə görə, Sarkozi Sənussi üzərində açıq məhkəmə prosesi keçirilməsinin qarşısını almaq üçün Qəzzafinin “qara qutusu”nun Fransaya təhvil verilməsinə çalışır.